Polşada separatçı bayraqlı məhsulun satışına son qoyuldu
21 sen 2026 Post redaksiyası 7 2 dəq

Polşada separatçı bayraqlı məhsulun satışına son qoyuldu

Polşada istehsal olunan çap məhsulunun üzərində ləğv edilmiş separatçı rejimin bayrağının təsviri aşkarlanıb, bundan sonra Azərbaycanın Polşadakı səfirliyi məhsulun istehsalının və satışının dayandırılmasına nail olub.

Polşada fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri sosial şəbəkələrdə yerli istehsalçının məhsulunda ləğv olunmuş separatçı qurumun bayrağının şəkli olduğunu qeyd ediblər. Məlumat yayıldıqdan dərhal sonra Azərbaycanın Polşadakı səfirliyi məsələyə müdaxilə edərək məhsulun istehsalının və satışının dayandırılması üçün tədbirlər görüb.

Şirkət rəhbəri ilə əlaqə saxlanılıb

Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, çap materiallarını istehsal və satış edən “Henry” şirkətinin direktoru Çezarı Popiel ilə əlaqə yaradılıb və Azərbaycan tərəfi baş verənlərə kəskin etirazını bildirib. Şirkət rəhbəri məsələdən sosial şəbəkələr vasitəsilə xəbərdar olduğunu deyərək yol verilən səhvə görə üzr istəyib və məhsulun istehsalı ilə satışının dayandırılması barədə qərar qəbul olunduğunu bildirib.

Səfirliyin təklifi ilə Çezare Popiel bu məlumatı yazılı formada da diplomatik nümayəndiliyə çatdırıb. Onun məktubunda vurğulanıb ki, mübahisəli təsvirin çap materiallarında yer alması qəsdən edilməyib, bu, çapın hazırlanması zamanı “insan amili” üzündən baş verib.

Bütün nüsxələr məhv ediləcək

Məktubda bildirilib ki, məhsulun satışı tamamilə dayandırılıb, anbarlarda qalan və müştərilərdən geri qaytarılan nüsxələr dövriyyədən çıxarılaraq məhv ediləcək. Bundan başqa, gələcəkdə buraxılacaq çap materiallarında oxşar təsvirin yenidən istifadə olunmaması üçün müvafiq düzəlişlər edilib.

Çezare Popiel səfirliyə ünvanladığı məktubda Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

Diaspora nümayəndələrinə təşəkkür

Azərbaycanın Polşadakı səfirliyi təxribatı aşkar edən, məsələni sosial şəbəkələr vasitəsilə hər iki ölkənin ictimaiyyətinə çatdıran və müvafiq qurumlara müraciət ünvanlayan Azərbaycan diasporu nümayəndələrinə təşəkkürünü bildirib.