Türkiyədə sabiq Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında baş verən ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan üç şəxsdən biri, keçmiş jurnalist Osman Arslan, məhkəmə qərarı ilə həbs olunub.
Türkiyədə sabiq MİT üzvü Kaşif Kozinoğlunun ölümü ilə bağlı cinayət işi üzrə istintaq davam edir. Kozinoğlu 2011-ci ildə "Ergenekon işi" çərçivəsində həbsdə saxlanılarkən Silivri həbsxanasında vəfat etmişdi.
Araşdırma çərçivəsində son olaraq İstanbul və Tekirdağ şəhərlərində dörd şübhəli şəxsə qarşı eyni vaxtda əməliyyat təşkil edilib. Əməliyyat nəticəsində keçmiş jurnalist Osman Arslan, təcili yardım sürücüsü Süleyman Kaba, o dövrün həbsxana müdiri olmuş Ömer Vatan və həmin vaxt növbətçi rəis vəzifəsini icra edən Kazım Beyke saxlanılıb.
Təcili yardım sürücüsü Süleyman Kaba mövcud sübut vəziyyəti nəzərə alınaraq jandarmadakı ifadəsi alındıqdan dərhal sonra azadlığa buraxılıb.
İfadələri tamamlanan qalan üç şübhəli — Osman Arslan, Ömer Vatan və Kazım Beyke bu gün məhkəməyə göndərilib. Hakim qarşısına çıxarılan Osman Arslan barəsində həbs qətimkan tədbiri seçilib.
Digər iki şübhəli, Ömer Vatan və Kazım Beyke ilə bağlı isə fərqli qərar qəbul edilib. Onlar ölkədən çıxış qadağası qoyulmaqla məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıblar.