Avstraliya viza müddətini aşanları deportasiya edəcək
19 sen 2026 Post redaksiyası 3 2 dəq

Avstraliya viza müddətini aşanları deportasiya edəcək

Avstraliya hökuməti ölkədəki immiqrasiya axınını azaltmaq üçün viza qaydalarını sərtləşdirir, viza müddətini başa vurmuş şəxslər saxlama mərkəzlərinə göndəriləcək və sonradan deportasiya olunacaq.

Avstraliya hökuməti ölkəyə gələn miqrantların sayını azaltmaq məqsədilə viza siyasətində köklü dəyişikliklər edir. Yeni qaydalar həm ölkədə qeyri-qanuni qalanları, həm də tələbə və qonaq vizası sahiblərini əhatə edəcək.

Xarici işlər nazirinin müavini Mett Tisletveyt bildirib ki, Avstraliyada qalmaq hüququ olmayan və viza müddətini pozan şəxslər immiqrasiya saxlama mərkəzlərinə yerləşdiriləcək və sonradan ölkədən deportasiya ediləcək. Onun sözlərinə görə, hazırda ölkədə viza müddətini aşmış şəxslərin sayı 77 min nəfərə çatıb.

Tələbə və qonaq vizalarına yeni tələblər

Daxili işlər naziri Toni Börk tələbə və qonaq vizaları üzrə yeni qaydaları elan edib. Bildirilib ki, doktorantlar istisna olmaqla, Avstraliyada təhsil alan xarici tələbələr artıq ailə üzvlərini ölkəyə gətirə bilməyəcək. Bu məhdudiyyət Cənub-Şərqi Asiya və Sakit okean regionu ölkələrinin vətəndaşlarına şamil olunmayacaq.

İş və tətil vizalarında lotereya sistemi

Yeni qaydalara əsasən, iş və tətil vizası üçün müraciətlərdə lotereya üsulu tətbiq ediləcək. Hazırkı qaydalara görə, 18-30 yaş arasındakı şəxslər qonaq vizası ilə üç ay işlədikdə ölkədə iki il, altı ay çalışdıqda isə üç il qala bilir.

Yeni sistemdə ikinci il üçün qalmaq istəyənlər 45 min, üçüncü il üçün isə 5 min nəfərlik kvota çərçivəsində lotereyada iştirak etməli olacaq.

Mənzil böhranı ilə bağlılıq

Toni Börk bildirib ki, görülən tədbirlər ölkədəki mənzil böhranının qarşısını almağa xidmət edir.

Avstraliyaya daimi gəlmək istəyirsinizsə, daimi viza üçün müraciət edin. Etibarlı vizanız yoxdursa, ölkəni tərk edin.