Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimi zamanı güclü dalğa 19 hərbçini dənizə aparıb, onlardan 9-u həlak olub.
Qazaxıstanın Xəzər dənizində keçirdiyi hərbi təlim zamanı baş verən qəza nəticəsində 19 hərbçi dalğaların təsirilə dənizə düşüb. Hadisə yerli vaxtla saat 11:10 radələrində qeydə alınıb.
Qazaxıstanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, dənizə düşən hərbçilərdən 9-u həlak olub, 3-ü isə xilasedicilər tərəfindən sağ çıxarılıb. Qalan 7 hərbçinin taleyi hələ də bilinmir və onların axtarışı davam etdirilir.
Təlim Aktau şəhərindən 43 kilometr aralı məsafədə, hərbi-dəniz qüvvələrinin iştirakı ilə keçirilirdi. Məlumata görə, təlim zamanı hava şəraiti qəflətən pisləşib və yaranan güclü dalğalar hərbi qulluqçuları dənizə aparıb.
Dənizə düşən hərbçilər arasında 15 matros, bir zabit və müqavilə əsasında xidmət edən bir hərbi qulluqçu olduğu bildirilir.
İtkin düşən hərbçilərin tapılması üçün dörd hərbi gəmi və bir Mi-8 vertolyotu axtarış əməliyyatına cəlb edilib. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri də əməliyyata qoşulub.