Milli komandanın hücumçusu Mahir Emreli Tacikistana qarşı keçirilən yoxlama oyunundakı (1:0) qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Milli komandanın hücumçusu Mahir Emreli Tacikistana qarşı keçirilən yoxlama oyunundakı (1:0) qələbədən sonra jurnalistlərə açıqlama verib.
Futbolçu bildirib ki, hazırkı dövrdə heç bir rəqiblə asan oyun keçirmək mümkün deyil və komanda buna hazır olub. Onun sözlərinə görə, ikinci hissədə bəzi epizodlarda buraxılan səhvlər ev meydanında oynamaq istəyindən və qələbəyə can atmaqdan qaynaqlanıb.
Rəqib dişimizə görə idi və azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Bu səbəbdən də rəqibə təzyiq göstərəndə bəzi epizodlarda səhvlər etdik.
Emreli əlavə edib ki, qarşıda vacib matçlar gözlənilir və qısa müddət ərzində üç önəmli oyun keçiriləcək. O, bütün bu görüşlərdə qələbə qazanacaqlarına ümid bəslədiyini bildirib.
Tacikistana qarşı daha çox qol vurulmamasının səbəbi barədə suala cavabında hücumçu bildirib ki, komandanın kifayət qədər hücum epizodları olsa da, onları dəyərləndirə bilməyiblər. O qeyd edib ki, rəqib qapıçının inamlı çıxışı və bəzi zərbələrin bloklanması da nəticəyə təsir göstərib.
Meydanın vəziyyətinin ideal olmadığını da vurğulayan futbolçu bunun bəhanə olmadığını bildirib. Onun sözlərinə görə, komanda ümumilikdə kəsərli hücum nümayiş etdirib və gələcək oyunlarda imkanlar daha yaxşı dəyərləndiriləcək.
Tribunalarda azarkeş sayının az olmasının çıxışa təsiri barədə Emreli uşaqlıqdan milli komandanın oyunlarına getdiyini xatırladıb.
Yadıma gəlmir ki, azarkeşlərsiz böyük qələbə qazanaq. İstər milli, istər klub səviyyəsində. Millət olaraq emosionalıq. Gücümüzü birlikdən alırıq.
Futbolçu bildirib ki, tribunalar dolu olanda komanda daha yaxşı nəticələr göstərir və qarşıdakı matçlarda fanatların dəstəyini gözlədiklərini vurğulayıb.
Oyunun sonlarında xəsarət aldığını bildirən Emreli zədənin ciddiliyi barədə hələ dəqiq məlumat verə bilmədiyini, bunun üçün müayinədən keçəcəyini deyib.
Milli komandanın qısa müddətdə ilk dəfə dörd oyun keçirəcəyini xatırladan futbolçu heyətin genişliyinə görə bu qrafikdə xal qazanmağın mümkün olduğunu bildirib. O, digər rəqiblərin də bənzər təqvimlə üzləşdiyini, məsələn Litva millisinin həmin gün Lixtenşteynlə qarşılaşacağını qeyd edib.
"Qarabağ"ın, "Sabah"ın futbolçuları bilirlər bu tempdə oynamaq necə ağırdır. Ümid edirəm ki, problem olmayacaq.
Hazırda Polşanın "Rakuv" klubunda çıxış edən Emreli gələcək planları ilə bağlı sualı cavablandıraraq hazırkı anı yaşamağa üstünlük verdiyini bildirib.
Polşada xoşbəxtəm. Komandada mənə qarşı diqqət göstərirlər, sağ olsunlar. Məni orada çox yaxşı qəbul etdilər.
Futbolçu bunun nəticəsində özünü yaxşı tərəfdən göstərə bildiyini vurğulayıb. O, klubun turnir cədvəlində sonuncu pillədə yer aldığını, lakin yeni baş məşqçi ilə vəziyyətin düzələcəyinə inandığını bildirib.
Baş məşqçi dəyişikliyi oldu. Yeni məşqçi yeni qan, yeni sistem deməkdir. İnanıram ki, tez bir zamanda onun istəklərini yerinə yetirəcəyik və lazımi nəticələri qazanacağıq.