Portuqaliyalı ulduz Kriştiano Ronaldo karyerasında 1000-ci qolunu hansı komandanın formasında vurmaq arzusunda olduğunu bölüşüb.
“Əl-Nəsr”in və Portuqaliya millisinin təcrübəli hücumçusu Kriştiano Ronaldo karyera boyu vurduğu 1000-ci qolu harada qeydə almaq istədiyini açıqlayıb. 41 yaşlı futbolçunun hazırkı balansında cəmi 979 qol var.
Bu qollardan 833-ü klub səviyyəsində, 146-sı isə milli komanda heyətində vurulub. Beləliklə, Ronaldonun tarixi 1000 qol həddinə çatmasına cəmi 21 addım qalıb.
Futbolçudan 1000-ci qolunu “Əl-Nəsr”də, yoxsa Portuqaliya millisinin formasında vurmaq istədiyi soruşulanda o, aydın mövqe nümayiş etdirib:
“Cavabını bilirsiniz... Milli komandada. Bu, gözəl hekayənin kulminasiyası olardı. Məşqçinin dediyi kimi, tortun üzərindəki gilas olardı”.
Bu sözlərlə Ronaldo öz karyerasının ən böyük nailiyyətlərindən birini məhz Portuqaliya millisi ilə əlaqələndirdiyini bildirib.