Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2030-cu ilə qədər Azərbaycanda istehsal olunan elektrik enerjisinin təxminən 40 faizi bərpa olunan mənbələrdən əldə ediləcək.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri çərçivəsindəki çıxışında Azərbaycanın enerji siyasətindən danışıb. Onun sözlərinə görə, ölkə iqlim hədəflərinə sadiq qalsa da, yaxın gələcəkdə real iqtisadi inkişafın ənənəvi enerji resursları olmadan mümkün olmayacağını qəbul etmək lazımdır.
“İqlim hədəflərimizə tam sadiq qalmaqla yanaşı, biz həmçinin qəbul etməliyik ki, yaxın gələcəkdə real inkişaf ənənəvi enerji resursları olmadan davam etdirilə bilməz”.
Nazir vurğulayıb ki, enerji təhlükəsizliyi məsələsi sülh, regional əlaqələr və dayanıqlı iqtisadi inkişafla sıx bağlıdır. Onun sözlərinə görə, Azərbaycan hazırda 16 ölkəyə etibarlı təbii qaz tədarükçüsü qismində çıxış edir və boru kəməri vasitəsilə qaz göndərən dünyanın öncül ölkələri sırasındadır.
“Azərbaycan boru kəməri ilə qaz təchizatı üzrə dünyanın aparıcı tədarükçüləri sırasında yer alır və Avropada və onun sərhədlərindən kənarda enerji təhlükəsizliyinin gücləndirilməsi və təchizat marşrutlarının şaxələndirilməsində strateji rol oynayır.”
Bayramov qeyd edib ki, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə zamanla təmiz enerji istiqamətindəki fəaliyyəti ilə daha da zənginləşir. Ölkə bərpa olunan enerji sahəsinə investisiya yönəldir, iri günəş və külək stansiyalarını istifadəyə verir, hidroenergetika potensialını artırır və beynəlxalq tərəfdaşlarla birgə yeni təmiz enerji layihələri üzərində işləyir.
“Biz bərpa olunan enerjiyə sərmayə yatırır, mühüm günəş və külək enerjisi layihələrini istismara verir, hidroenerji potensialını genişləndirir və aparıcı beynəlxalq tərəfdaşlarla birlikdə yeni təmiz enerji təşəbbüslərini inkişaf etdiririk.”
Nazirin sözlərinə görə, artıq imzalanmış sazişlər çərçivəsində 2030-cu ilə qədər təxminən 6 qiqavat həcmində əlavə günəş və külək enerjisi gücü yaradılacaq. Bu addımların nəticəsində 2030-cu ilədək Azərbaycanda istehsal olunan elektrik enerjisinin təxminən 40 faizinin bərpa olunan mənbələrdən əldə ediləcəyi gözlənilir.
Bərpa olunan enerji istehsalının artırılması Azərbaycana Avropa bazarlarına yaşıl elektrik enerjisi ixrac etmək üçün yeni imkanlar açacaq. Bayramov bildirib ki, ölkənin etibarlı enerji tərəfdaşı statusu qlobal enerji keçidi prosesi ilə paralel şəkildə inkişaf edir.
“Beləliklə, bizim etibarlı enerji tərəfdaşı kimi rolumuz qlobal enerji keçidi ilə paralel şəkildə inkişaf edir”.