İtaliyanın “TEHA Group & The European House Valerio De Molli” şirkətinin baş icraçı direktoru Valerio De Molli Azərbaycanın dünya reytinqlərindəki mövqeyini açıqlayıb və ölkənin xüsusilə dinamiklik göstəricisi üzrə sürətli irəliləyişini vurğulayıb.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxış edən İtaliyanın “TEHA Group & The European House Valerio De Molli” şirkətinin baş icraçı direktoru Valerio De Molli Azərbaycanın müxtəlif qlobal göstəricilər üzrə tutduğu yerlər barədə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan əhalinin sayına görə dünyada 81-ci, ümumi daxili məhsulun payına görə 83-cü, coğrafi ərazisinin böyüklüyünə görə isə 98-ci yerdə qərarlaşıb.
Valerio De Molli qeyd edib ki, bu göstəricilər arasında ən çox diqqəti dinamiklik reytinqi çəkir. Onun sözlərinə görə, Azərbaycan bu meyar üzrə dünyada 15-ci yerdə qərarlaşıb ki, bu da xüsusi əhəmiyyət kəsb edir.
“Bu, çox diqqətəlayiq bir göstəricidir. Xüsusilə də bunu 145-ci olduğunuz 2019-cu ilin başlanğıc nöqtəsi ilə müqayisə etsək, dinamiklik baxımından böyük bir sürətlənmə mövcuddur.”
Şirkət rəhbəri əlavə edib ki, Azərbaycan 2019-cu ildə dinamiklik göstəricisinə görə 145-ci pillədə yer alırdı və bu müddət ərzində baş verən dəyişiklik önəmli irəliləyiş kimi qiymətləndirilə bilər.
Valerio De Molli həmçinin Azərbaycanın digər iki mühüm reytinqdəki mövqeyinə də toxunub. Onun sözlərinə görə, ölkə davamlılıq göstəricisi üzrə dünyada 73-cü, gələcəyə yönümlülük baxımından isə 62-ci sırada yerləşir.
“Bununla yanaşı, ölkəniz davamlılıq baxımından 73-cü, gələcəyə yönümlülük üzrə isə 62-ci yerdədir. Bütün hallarda Azərbaycan bu göstəricilər üzrə digərlərindən daha sürətlə irəliləyir.”
Beləliklə, İtaliyalı ekspertin qiymətləndirməsinə əsasən, Azərbaycan araşdırılan bütün əsas göstəricilər üzrə digər ölkələrlə müqayisədə daha sürətli inkişaf templərinə malikdir.