İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri gündəmə gəlib.
Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas drayveri" adlı panel sessiya keçirilib.
Sessiyaya "AnewZ" telekanalının baş redaktorunun müavini Orxan Amaşov moderatorluq edib. İqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov çıxışında Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin qurulmasında əsas platformalardan biri kimi oynadığı rolu vurğulayıb.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı, yaşıl enerji sahəsindəki addımlar, qarşılıqlı investisiyalar və nəqliyyat sektorunda həyata keçirilən birgə layihələr regionda iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir.
Tədbirdə bir sıra ölkələrin və qurumların nümayəndələri iştirak edib:
Panelin iştirakçıları Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq platformasının formalaşdırılması barədə öz baxışlarını bölüşüblər. Xəzər regionunda ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də siyasi dialoqun biznes, infrastruktur və institusional əməkdaşlıq üzrə real təşəbbüslərlə tamamlanması mövzuları da müzakirə olunub.
Çıxışlarda region dövlətləri arasında qarşılıqlı etimadın artırılması, iqtisadi əlaqələrin güclənməsi, investisiya və maliyyələşdirmə imkanlarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bundan əlavə, özəl sektorun və institusional mexanizmlərin regional əməkdaşlığa verdiyi töhfə, həmçinin Xəzər hövzəsində daha sıx iqtisadi inteqrasiyanın təşviqi də diqqətdə olub.
Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilatçıları İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dur. Forum "The European House - Ambrosetti" ilə strateji tərəfdaşlıq çərçivəsində keçirilir və "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.