Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılacağını bildirib.
Dövlət başçısı İlham Əliyev bu barədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş müşavirədə çıxış zamanı deyib. Onun sözlərinə görə, aidiyyəti sənayenin inkişafına dair Dövlət Proqramının hazırlanması ilə bağlı sərəncamı aprel ayının əvvəlində imzalayıb.
Prezident bildirib ki, sənədin üzərində aylar boyu hazırlıq işləri aparılıb və proqram elə həmin gün dövlət rəhbərliyinə, eləcə də ictimaiyyətə təqdim olunacaq.
“Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır”, - deyə İlham Əliyev qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, proqramın icrası nəticəsində ölkədə beş mindən çox daimi iş yerinin açılması nəzərdə tutulur.
“Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”, - deyə Prezident əlavə edib.
Bununla, dağ-mədən və metallurgiya sənayesinin ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacağı və təbii sərvətlərdən daha səmərəli istifadəyə şərait yaradacağı vurğulanıb.