Mircəlil Qasımlı: Steroidlər gənclərin gələcəyini təhdid edir
22 sen 2026 Post redaksiyası 4 2 dəq

Mircəlil Qasımlı: Steroidlər gənclərin gələcəyini təhdid edir

Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Mircəlil Qasımlı idman zallarında steroidlərin gizli şəkildə yayılmasının ciddi problem olduğunu bildirib.

Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında idman zallarında steroidlərin gizli şəkildə yayılması mövzusu müzakirəyə çıxarılıb. Məsələni gündəmə gətirən deputat Mircəlil Qasımlı bildirib ki, bu problem növbəti sessiyalarda da ciddi şəkildə araşdırılmalıdır.

“Bu, payız sessiyası və qarşıdakı bütün sessiyalarda ciddi şəkildə müzakirə olunmalıdır. Çünki gənclərimizin gələcəyi böyük təhlükə altındadır. Bəziləri “yaxşı” nəticə əldə etmək üçün gəncləri sterodilərə təşviq edirlər. Təəssüflər olsun ki, bunun gələcəkdəki nəticələri necə olacaq bəlli deyil”

Deputat qeyd edib ki, bəzi şəxslər gənclərdən yüksək nəticə əldə etmək məqsədilə onları bu maddələrin istifadəsinə sövq edir və bunun uzunmüddətli təsirlərinin hələ də bilinmədiyini vurğulayıb.

Dopinqlə mübarizə üçün hüquqi addımlar planlaşdırılır

Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deputatın çıxışına münasibət bildirərək dopinqlə mübarizənin bugünkü şəraitdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Dopinqlə mübarizə bu gün olduqca aktualdır. Bu sahədə hüquqi müstəvidə ciddi addım atılmalıdır. Biz bununla bağlı müvafiq qurumun mütəxəssisləri ilə onlayn görüş təşkil etmişik. Qısa müddət ərzində bir sıra dəyişikliyi komitəyə təqdim edəcəyik”

Vəliyevin sözlərinə görə, aidiyyəti qurumların mütəxəssisləri ilə artıq onlayn formatda görüş keçirilib və yaxın vaxtlarda müvafiq qanunvericilik dəyişiklikləri komitəyə təqdim olunacaq.