Goranboyda aqrar layihələrə baxış: yeni suvarma sistemləri
18 sen 2026 Post redaksiyası 9 3 dəq

Goranboyda aqrar layihələrə baxış: yeni suvarma sistemləri

Goranboy rayonunda kənd təsərrüfatı müəssisələrinin mövcud vəziyyəti araşdırılıb, ərzaqlıq buğda, pambıq, günəbaxan yağı, bağçılıq və heyvandarlıq sahələrində həyata keçirilən layihələrə baxış keçirilib.

Goranboy rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin bugünkü durumu və inkişaf perspektivləri gündəmə gəlib. Rayonda yaradılmış Qərargahın üzvləri bir sıra təsərrüfatlarda olaraq görülən işləri yerində qiymətləndirib.

Baxışda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə iştirak edib. Ziyarət zamanı ərzaqlıq buğda və pambıq yetişdirilməsi, günəbaxan yağı zavodunun genişləndirilməsi, intensiv bağçılıq və heyvandarlıq üzrə aparılan işlərlə tanışlıq olub.

Buğda istehsalında suvarma sistemləri quraşdırılır

"Region Aqro" MMC 727 hektar sahədə 15 pivot suvarma qurğusu quraşdıraraq 8 895 ton ərzaqlıq buğda əldə etməyi planlaşdırır. Bu, hər hektardan 60 sentner məhsuldarlıq deməkdir.

Sahibkar Əkbərzadə Fərid Vilayət oğlu isə 208 hektarda 4 pivot sistemi vasitəsilə 1 500 ton, yəni hər hektardan 50 sentner buğda toplamağı nəzərdə tutur. Onun təsərrüfatında 48 hektarlıq sahədə işlər artıq başa çatdırılıb və bir pivot sistemi quraşdırılıb, qalan 160 hektarda isə işlər davam edir.

Yağ zavodu genişlənir, bağçılıq artırılır

Sahibkar Məmmədov Arzu Papır oğlunun günəbaxan yağı istehsal edən müəssisəsi genişləndirilərək illik istehsal həcmi 0,1 milyon litrdən 0,18 milyon litrə qaldırılacaq.

"Mira" MMC-nin intensiv meyvə bağları əlavə 17 hektar hesabına 145 hektara çatdırılacaq. Layihəyə görə məhsuldarlıq 190,9 sentnerə, ümumi məhsul isə 1 806,08 tondan 27 680,5 tona yüksəldiləcək. Bundan başqa, əlavə 15 hektar torpaq sahəsinin əldə olunması üçün danışıqlar aparılır, 2027-ci ilin yanvar ayında isə Türkiyə Respublikasından meyvə ağaclarının gətirilməsi nəzərdə tutulur.

Heyvandarlıqda ət istehsalı artırılacaq

Sahibkar Kərimov Kamal Camal oğlu Avstriya Respublikasından 500 baş cins ətlik heyvan alaraq təsərrüfatındakı baş sayını 1 080-ə çatdırmağı planlaşdırır. Bununla ət istehsalının 159,5 tondan 297 tona yüksəldilməsi hədəflənir.

Baxış zamanı sahibkarlarla ayrıca görüşlər keçirilib, onların işi, gələcək niyyətləri və üzləşdikləri çətinliklər müzakirə olunub, təklif və müraciətlər dinlənilib.

Dövlət Proqramının əhəmiyyəti vurğulanıb

Görüşdə çıxış edən Məhərrəm Quliyev Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının təsdiqinin aqrar sektorun inkişafı, istehsalın artırılması, fermerlərin dəstəklənməsi və kənd yerlərində məşğulluğun genişlənməsi baxımından mühüm olduğunu bildirib. O həmçinin rayonun aqrar potensialından daha səmərəli istifadə edilməsinin, münbit torpaqların əkinə cəlb olunmasının, müasir aqrotexniki üsulların tətbiqinin və suvarma imkanlarının artırılmasının daim diqqətdə saxlanılmalı olduğunu qeyd edib.

Adil Vəliyev isə çıxışında Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Fərmanı ilə təsdiqlənən Dövlət Proqramının aqrar sahədə dayanıqlı inkişafın təmini, fermerlərin müasir xidmətlərə çıxışının genişləndirilməsi və istehsal potensialının artırılması üçün önəmli olduğunu vurğulayıb. O, proqramda nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının əsas vəzifələrdən biri olduğunu diqqətə çatdıraraq yerli icra hakimiyyəti, dövlət qurumları, fermerlər və sahibkarlar arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyini bildirib.