Ağır cinayətlərdə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbs edilməsindən artıq 1 il keçib.
Ağır cinayətlərdə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbs edilməsindən 1 il ötür.
Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdə də adı tanınan iş adamı artıq 365 gündür ki, əvvəlki dəbdəbəli həyatından uzaqda, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır.
Adnan Əhmədzadənin saxlanılması geniş ictimai müzakirələrə səbəb olub. Rəsmi təsdiq açıqlanana qədər bu xəbərə inanan az olsa da, bir gün sonra məlum olub ki, iş adamı iqtisadi təhlükəsizliyə qarşı təxribatda, xüsusilə də külli miqdarda vəsaitin mənimsənilməsində ittiham olunur.
Ötən ilin bu tarixində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra həbsdə saxlanma müddəti bir neçə dəfə uzadılıb.
Mövcud qanunvericiliyə görə, bu kateqoriyadan olan cinayətlərdə təqsirləndirilən şəxslər üçün ilkin həbs müddəti 13 ay təşkil edir. İrihəcmli işlər üzrə isə bu müddət əlavə 6 ay uzadıla bilər. Hazırkı məlumata əsasən, ibtidai istintaq prosesi hələ də davam etməkdədir.
Adnan Əhmədzadənin biznes fəaliyyəti qədər şəxsi həyatı da ictimaiyyətin marağına səbəb olub. Onun həbsindən sonra həyat yoldaşı Gülsəfa Cəfərova ölkədən ayrılıb və o vaxtdan bəri sosial media hesablarında ərinin həbsdə olması ilə bağlı heç bir paylaşım etməyib.
Qeyd olunduğu kimi, Adnan Əhmədzadə bir zamanlar SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsində çalışıb və sonradan dünya səviyyəsində tanınan neft maqnatına çevrilib. Sosial media istifadəçiləri isə onu daha çox Ronaldinyo, Messi və Suarez kimi məşhur futbolçularla olan tanışlıqlarına görə xatırlayır. Bu əlaqələr vaxtilə onun adını idman və şou-biznes dünyasında da gündəmə gətirib.