Sentyabrın 15-də Tbilisidə "Trump Tower Tbilisi" adlı iddialı daşınmaz əmlak layihəsinin qlobal təqdimatı keçirilib. Tədbir Gürcüstan paytaxtının məşhur Funikulyorunda, panoramik mənzərə fonunda baş tutub.
Sentyabrın 15-də Tbilisidə uzun müddətdir gözlənilən "Trump Tower Tbilisi" layihəsinin rəsmi təqdimatı keçirilib. Tədbir Gürcüstan paytaxtının məşhur Funikulyorunda, şəhərin panoramik mənzərəsi fonunda təşkil olunub və yalnız dəvət əsasında giriş mümkün olub.
Gecəyə Gürcüstandan və dünyanın müxtəlif ölkələrindən beynəlxalq biznes liderləri, layihə tərəfdaşları, investorlar, məşhurlar, sənətçilər, influencerlər və qlobal media nümayəndələri qatılıb. Qonaqlara multimedia təqdimatı vasitəsilə "Trump Tower Tbilisi"nin memarlıq konsepsiyası və həyat tərzi vizyonu ilk dəfə nümayiş etdirilib. Proqram "Grammy" mükafatçısı CeeLo Green və tanınmış DJ Francis Mercier-in çıxışları ilə başa çatıb.
"Trump Tower Tbilisi" təxminən 2 milyard ABŞ dolları dəyərində olan "Downtown Tbilisi" layihəsinin əsas simvolu olacaq. Bu, layihənin beynəlxalq miqyasda ilk böyük ictimai təqdimatıdır.
"The Trump Organization"un İcraçı vitse-prezidenti Eric Trump tədbirdə çıxış edərək bildirib:
"Bu, insanların "Trump Tower Tbilisi"nin arxasında dayanan miqyası və vizyonu görməsi üçün ilk real fürsət idi. Bu, həm layihə, həm də sürətlə regionun ən dinamik biznes və həyat tərzi məkanlarından birinə çevrilən Downtown Tbilisi üçün olduqca əhəmiyyətli mərhələdir. Biz Tbilisinin beynəlxalq investisiya və daşınmaz əmlak məkanı kimi gələcəyi üçün çox həyəcanlıyıq. "Trump Tower Tbilisi"ni rəsmi şəkildə təqdim etmək və Trump brendini şəhərə gətirməkdən böyük məmnunluq duyuruq."
Layihə "The Trump Organization" ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilir. Archi Group və INVIA "Downtown Tbilisi"nin əsas tərəfdaşları və inkişaf etdiriciləridir. The Sapir Organization layihənin birgə inkişaf etdiricisi qismində çıxış edir, Block Stone Capital, Finvest Georgia və Vector Group isə minoritar tərəfdaşlardır.
"Archi Group"un həmtəsisçisi və İdarə Heyətinin sədri Ilia Tsulaia bildirib:
"Dünənki gecə həm "Trump Tower Tbilisi", həm də Gürcüstan ətrafında yaranan böyük marağı nümayiş etdirdi. Bu gün alıcılarımızın dörddə birindən çoxu beynəlxalq alıcılardır və bu pay artmaqda davam edir. Tbilisi mənə Dubayın həqiqətən qlobal məkana çevrildiyi dövrü xatırladır. "Trump Tower"in gəlişi Gürcüstana beynəlxalq etimadın güclü siqnalı və ölkənin inkişafında mühüm yeni fəsildir".
INVIA-nın təsisçisi və baş direktoru Levan Pkhakadze isə bildirib:
"Tbilisi gələcəyin şəhəridir və bu təqdimat ətrafında yaranan enerji burada baş verənlərə beynəlxalq marağın nə qədər böyük olduğunu göstərdi. "Trump Tower Tbilisi" qlobal dizaynı, Trump brendinin irsini və yerli bazar üzrə dərin təcrübəni bir araya gətirir. Bu, olduqca fərqli elementlərin birləşməsidir və Gürcüstanın davamlı inkişafına olan inamımızı əks etdirir".
"The Sapir Organization"un sədri və baş direktoru Alex Sapir öz növbəsində qeyd edib:
"Trump Tower Tbilisi"ni belə seçilən beynəlxalq auditoriya qarşısında təqdim etməkdən çox məmnun olduq. Bu, transformativ layihədir — miqyası, memarlığı və ambisiyası ilə Tbilisinin şəhər panoramasını yenidən formalaşdırmaq və regionda yüksək səviyyəli yaşayış layihələri üçün yeni standart müəyyən etmək potensialına malikdir".
Layihənin mərkəzində "Downtown Tbilisi"nin ilk inşa ediləcək qülləsi və əsas memarlıq simvolu olan "Trump Tower Tbilisi" dayanacaq. Vaşinqton D.C.-də yerləşən Gensler şirkəti tərəfindən layihələndirilən qüllə 62 mərtəbədən ibarət olacaq və hündürlüyü təxminən 280 metrə çatacaq. Bu göstərici onu Gürcüstanın ən hündür binasına çevirəcək.
Tbilisinin Mərkəzi Parkının yanında, 8 hektarlıq ərazidə yerləşən "Downtown Tbilisi" altı qüllədən və təxminən 600 min kvadratmetr ümumi tikinti sahəsindən ibarət "şəhər daxilində şəhər" formatında nəzərdə tutulub. Təxminən 2 milyard ABŞ dolları dəyərində olan baş plana 46 500 kvadratmetr pərakəndə satış sahəsi, 42 min kvadratmetr ofis sahəsi, 42 min kvadratmetr otel sahəsi və 251 min kvadratmetr yaşayış sahəsi daxildir.
"Miami"də yerləşən "Bal Harbour Shops"dan ilhamlanan layihənin podium hissəsindəki pərakəndə satış məkanı lüks mağazaları və premium restoranları bitişik parkla birləşdirəcək. "Trump Tower Tbilisi"nin rezidensiyalarında bitişik Mərkəzi Parka özəl giriş, abadlaşdırılmış terraslar, istirahət məkanları, həmçinin küçə səviyyəsində beynəlxalq restoranlar və lüks mağazalar nəzərdə tutulub.
Studio rezidensiyaların qiyməti təxminən 290 000 ABŞ dollarından başlayacaq, bir kvadratmetrin qiyməti isə təxminən 7000 ABŞ dollarından formalaşacaq. Layihənin maliyyələşdirilməsi Gürcüstanın aparıcı bankları olan "TBC Bank" və "Bank of Georgia" tərəfindən təqdim edilən hərtərəfli paket vasitəsilə həyata keçirilir. Bu bankların ana qrupları London Fond Birjasında listinqdədir.
Təqdimat Gürcüstanın beynəlxalq investorlar, sakinlər və ziyarətçilər arasında artan maraq cəlb etdiyi bir dövrdə baş tutub. Avropa və Asiyanın kəsişməsində yerləşən ölkədə son dörd il ərzində orta illik real iqtisadi artım təxminən 9 faiz təşkil edib. Ölkənin geniş azad ticarət sazişləri şəbəkəsi isə təxminən 2,3 milyard istehlakçını əhatə edən bazarlara çıxış imkanı yaradır.
Sentyabrın 15-də Tbilisi üzərində bir araya gələn yüzlərlə qonaq üçün gecə sadəcə yeni layihənin təqdimatından daha çox, şəhərin gələcəyinin qeyd olunması olub. Biznes, hökumət və daşınmaz əmlak sektorunun liderlərinin iştirak etdiyi tədbirdə "Trump Tower Tbilisi" rəsmi olaraq öz gəlişini elan edib.