Sentyabrın 24-də Azərbaycan Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə 2027-ci il dövlət büdcəsinin layihəsi və 2027-2030-cu illər üçün iqtisadi inkişaf proqnozları müzakirə olunub. İclasda 2027-ci il üçün büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərin isə 42 milyard 400 milyon manat səviyyəsində planlaşdırıldığı açıqlanıb.
Sentyabrın 24-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Hökumət üzvlərinin iştirakı ilə geniş iclas keçirilib. Toplantıda 2027-ci il dövlət və icmal büdcəsinin layihələri, eləcə də 2027-2030-cu illəri əhatə edən sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirəyə çıxarılıb.
İclası giriş nitqi ilə açan Baş nazir Əli Əsədov bildirib ki, 2027-ci il dövlət və icmal büdcə layihələri, eləcə də növbəti üç il üçün icmal büdcənin göstəriciləri və sosial-iqtisadi inkişaf proqnozları «Büdcə sistemi haqqında» Qanuna uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin ötən dövrü ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, çoxşaxəli diplomatik fəaliyyət ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar açır.
Baş nazirin sözlərinə görə, 2027-2030-cu illəri əhatə edən ortamüddətli dövr regionda gedən mürəkkəb geosiyasi-iqtisadi proseslər fonunda ölkə qarşısında yeni strateji hədəflər qoyur. Bu şərait mövcud imkanlardan səmərəli istifadəni və risklərə hazırlığın gücləndirilməsini zəruri edir.
Əli Əsədov qeyd edib ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» sənədi və onun əsasında hazırlanmış 2022-2026-cı illər Strategiyası uğurla icra olunur, cari il isə həmin Strategiyanın icrasının son ilidir. 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanaraq İqtisadi Şurada müzakirə olunub və Prezidentə təqdim edilib.
Baş nazirin sözlərinə görə, Strategiya üzərində son tamamlanma işləri aparılır və sənədin yaxın aylarda təsdiqlənməsi gözlənilir. Strategiyanın icra olunduğu 2022-2026-cı illər üzrə qeyri-neft-qaz sektorunun orta illik artım templəri nəzərə alınmaqla 5,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Əli Əsədov bildirib ki, qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub. Neft-qaz sektorunda hasilat və artım tempinin azalmasına baxmayaraq, ümumi iqtisadi artım təmin edilib.
2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2 faiz artıb. Qeyri-neft-qaz ÜDM-i 2,1 faiz artarkən, neft-qaz ÜDM-də 0,8 faiz azalma qeydə alınıb. Əsas kapitala yönəldilmiş investisiyalar isə 10 faiz artıb.
Baş nazirin sözlərinə görə, cari ilin ilk səkkiz ayında Prezidentin fərman və sərəncamlarına əsasən kreditlər üzrə faiz subsidiyası mexanizmi tətbiq olunub, nəqliyyat-logistika subsidiyası verilib və bəzi ixrac xərcləri kompensasiya edilib.
Əli Əsədov qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları hazırda təxminən 91 milyard dollar təşkil edir və bu göstərici xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Birbaşa xarici dövlət borcu 1 sentyabr tarixinə 4,5 milyard dollar olmaqla proqnoz ÜDM-in 5,6 faizini təşkil edib.
2026-cı ilin səkkiz ayında xarici ticarət balansının müsbət saldosu 10 milyard dollardan çox olub. Həmin dövrdə illik inflyasiya 5,7 faiz təşkil edib. Baş nazirin sözlərinə görə, manatın məzənnə sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3 faizə düşəcəyi proqnozlaşdırılır.
Əli Əsədov bildirib ki, ortamüddətli dövr üçün büdcə hesablamaları baza ssenaridə neftin qiymətinin 65 ABŞ dolları götürülməsi ilə hazırlanıb. Bu əsasla 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsiri 3 milyard 166 milyon manat həcmində olmaqla ÜDM-in 2,2 faizini təşkil edəcək. Makroiqtisadi proqnozlara əsasən 2027-ci ildə ÜDM-in 141 milyard manat həcmində 2,7 faiz artacağı, qeyri-neft sektorunun isə 4,4 faiz real artım göstərəcəyi gözlənilir.
Baş nazirin sözlərinə görə, qeyri-neft sektorunun ÜDM-də payının cari ilin sonunda gözlənilən 72,5 faizdən 2030-cu ilin sonuna 82 faizə yüksələcəyi hədəflənir.
Əli Əsədov 2027-2030-cu illər üzrə dövlət büdcəsi xərclərinin əsas istiqamətlərini sadalayıb:
Baş nazirin sözlərinə görə, 2027-ci il dövlət büdcəsində bütün istiqamətlər üzrə sosialyönlü xərclərin payı 44 faiz proqnozlaşdırılır. Bu, əhalinin, şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin davamı kimi qiymətləndirilir.
Əli Əsədov qeyd edib ki, hökumətin ən böyük xərc istiqamətlərindən biri hərbi-müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi olacaq. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat, yəni ümumi xərclərin 21 faizini təşkil edəcək.
Baş nazir bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa iştirakı ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Vətən müharibəsindən sonra azad olunmuş ərazilərdə 10 şəhər, 3 qəsəbə və 34 kənd olmaqla ümumilikdə 47 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib.
Hazırda azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, işləyir və təhsil alır. 2020-ci ildən 2026-cı il də daxil olmaqla bu ərazilərin bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılıb, 2027-ci il üçün isə bu məqsədə 3,4 milyard manat nəzərdə tutulur.
Əli Əsədov bildirib ki, 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul edilib. Sentyabrın 22-də Prezidentin sədrliyi ilə keçirilən müzakirələrdən sonra «Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı» da təsdiqlənib.
Baş nazirin sözlərinə görə, bu proqram çərçivəsində metallurgiya sənayesinin dayanıqlı inkişafı, yüksək əlavə dəyər yaradan istehsalın genişləndirilməsi, qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması əsas istiqamətlər kimi müəyyən edilib.