ABŞ və İran arasında diplomatik danışıqların bərpa oluna biləcəyi gözləntiləri neft qiymətlərinin 100 dollar həddinin altına enməsinə gətirib çıxarıb.
Bazar günü 105 dollara qədər qalxan "Brent" markalı neftin fyuçers qiymətləri həmin günü 103,87 dollarla bitirib. Dünən axşam saatlarına olan məlumata əsasən, noyabr ayı üzrə "Brent" fyuçersləri təxminən 4 faiz aşağı düşərək 99,75 dollara enib. Qərbi Texas neftinin (WTI) noyabr ayına aid fyuçersləri isə 92,14 dollar səviyyəsindən satışa çıxarılıb.
Qiymətlərdəki bu düşüşün əsas səbəbi BMT Baş Assambleyası zamanı ABŞ ilə İran arasında yaranan diplomatik təmasların Yaxın Şərqdə gərginliyi yumşalda biləcəyi və yeni danışıqlara yol aça biləcəyi barədə gözləntilərlə bağlıdır. ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşə açıq olduğunu bəyan etməsi də bazarlarda gərginliyin azalacağı fikrini qüvvətləndirib.
Bu vəziyyət, xüsusilə Hörmüz boğazından neft nəqliyyatı ilə bağlı təchizat risklərinin zəifləyəcəyi ehtimalını artırıb.
Neft qiymətlərinə təsir göstərən başqa bir amil Səudiyyə Ərəbistanının xam neft ixracının yenidən yüksəlməsidir. "Kpler" şirkətinin ilkin hesabatlarına görə, ölkənin xam neft ixracı avqust ayında 2013-cü ildən bəri müşahidə olunan ən aşağı həddə - gündə 2,4 milyon barrelə enib, lakin sentyabrda yenidən 4 milyon barreldən yuxarı qalxıb.
"JPMorgan" bankının analitikləri sentyabrın 18-də bildiriblər ki, Yaxın Şərqdən neft axını hələ də güclü templərlə davam edir. Onların apardığı hesablamalara əsasən, son 10 gün ərzində bölgədən gündəlik neft ixracı orta hesabla 17,1 milyon barrel təşkil edib.
Son 10 gündə regiondan gündəlik neft axını orta hesabla 17,1 milyon barrel təşkil edib.
Neft bazarındakı vəziyyətə təsir edən digər mühüm faktor ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı siyasətidir. FED ötən həftə 2023-cü ilin iyul ayından bəri ilk dəfə olaraq faiz dərəcəsini artırıb, bu da ilin qalan hissəsində əlavə artımların ediləcəyi gözləntilərini gücləndirib.
ABŞ-də enerji xərclərinin yüksəlməsi inflyasiya təzyiqini artırır ki, bu da iqtisadi fəaliyyətin zəifləyəcəyi və nəticədə neftə olan tələbatın azala biləcəyi proqnozlarını qüvvətləndirir. Bundan əlavə, FED-in sərt pul siyasəti dolları gücləndirir, bu isə digər valyutalarla ödəniş edən alıcılar üçün nefti daha bahalı edərək qiymətlərə aşağı yönlü təzyiq göstərir.