Avtomobil yollarında kommunikasiya xətlərinin çəkilməsi və ya təmiri üçün aparılan qazıntı işlərindən sonra yolun bərpası məsələsinə aydınlıq gətirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yollarda aparılan qazıntı işlərindən sonra yol örtüyünün bərpası ilə bağlı qaydaları izah edib. Bildirilib ki, yollarda planlı qazıntı işləri yalnız Agentliyin razılığı və müəyyən olunmuş texniki şərtlər çərçivəsində aparılmalıdır.
Agentliyin yaydığı məlumatda qeyd olunur ki, texniki şərtlərdə həm qazıntı işlərinin necə aparılacağı, həm də işlər tamamlandıqdan sonra yolun əvvəlki görünüşünə qaytarılması ilə bağlı tələblər öz əksini tapır.
“Kommunikasiya xətlərinin çəkilməsi, təmiri və ya yenilənməsi məqsədilə qazıntı işləri aparıldıqdan sonra yolun bərpasının təmin edilməsi və bununla bağlı xərclərin ödənilməsi həmin işlərin sifarişçisinin öhdəliyinə daxildir. Yol örtüyünün texniki tələblərə uyğun şəkildə bərpası üçün sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müvafiq müqavilə bağlamalı və bərpa işlərinin dəyərini ödəməlidir. Bundan sonra Agentlik tərəfindən yolun bərpası müəyyən edilmiş texniki tələblərə və texnoloji ardıcıllığa uyğun şəkildə həyata keçirilir”
AAYDA vurğulayır ki, kommunikasiya işləri zamanı qazılmış hər bir yol sahəsinin bərpası birbaşa Agentliyin vəzifəsi deyil. Bu öhdəlik ilk növbədə qazıntı işini sifariş edən tərəfin üzərinə qoyulur.
“Qazıntı işinin sifarişçisi yolun əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsinə və bununla bağlı müvafiq xərclərin ödənilməsinə cavabdehdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq müqavilə əsasında belə yol hissələrinin texniki tələblərə uyğun, keyfiyyətli və təhlükəsiz şəkildə bərpasını təmin edir”
Beləliklə, sifarişçi tərəf Agentliklə müqavilə bağlayaraq bərpa işlərinin xərclərini ödəməli, Agentlik isə öz növbəsində bərpanı texnoloji ardıcıllığa uyğun şəkildə həyata keçirməlidir.