Şamaxı şəhərində "Üzümçülük və şərabçılığın inkişaf perspektivləri" mövzusunda konfrans təşkil olunub. Tədbirdə sahənin mövcud vəziyyəti, dövlət dəstəyi mexanizmləri və ixrac imkanları geniş müzakirə edilib.
Sentyabrın 18-də Şamaxıda üzümçülük və şərabçılıq sahəsinin perspektivlərinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri iştirak edib.
Konfransda həmçinin Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Dövlət Turizm Agentliyinin təmsilçiləri və şərab istehsalçıları da yer alıb. Görüş sentyabrın 19-20-də Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalının ərəfəsində təşkil olunub.
Müzakirələrdə Azərbaycanda üzümçülük və şərabçılığın hazırkı durumu, sahənin inkişaf yolları, yeni üzüm bağlarının salınması, aqrar dəstək alətləri, subsidiya sistemi, həmçinin istehsal və ixrac potensialının artırılması kimi məsələlər öz əksini tapıb. Çıxışlarda son dövrdə yeni bağ salınmasına marağın yüksəlməsinin bu sahədəki müsbət tendensiyanı əks etdirdiyi qeyd olunub.
Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan hesabatına görə, ölkədə üzüm bağlarının ümumi sahəsi 14 min 872,1 hektara, bar verən yaşdakı sahə isə 14 min 269,6 hektara çatıb. 2025-ci il ərzində əlavə 197,9 hektar yeni üzüm bağı salınıb ki, bu da 2024-cü ilin göstəricisindən təxminən 3 dəfə yüksəkdir.
Eyni dövrdə ölkə üzrə 152 min 96 ton üzüm yığılıb, orta məhsuldarlıq isə hektardan 106,6 sentner təşkil edib. İştirakçılar bu göstəriciləri sahədəki istehsal imkanlarının göstəricisi kimi dəyərləndiriblər. Bununla belə, vurğulanıb ki, gələcəkdə diqqət yalnız əkin sahələrinin artırılmasına deyil, məhsuldarlıq, keyfiyyət və iqtisadi effektivliyə də yönəldilməlidir.
Çıxışlarda üzümçülüyün inkişafında dövlət yardımının mühüm yer tutduğu bildirilib. Fermerlər üçün son illər subsidiya proqramları, texnika və avadanlıq təchizatına maliyyə köməyi, müasir suvarma qurğularının quraşdırılması, eləcə də intensiv və super-intensiv bağların yaradılmasına yönəlik müxtəlif dəstək tədbirləri işə salınıb.
2026-cı ilin subsidiya sistemində də üzümçülük üzrə əhəmiyyətli maliyyə dəstəyi nəzərdə tutulub:
Bildirilib ki, bu tədbirlər fermerlərin yeni bağ salmaq həvəsini artırmaqla yanaşı, daha müasir və məhsuldar bağçılıq üsullarına keçidi də sürətləndirir.
Görüşdə vurğulanıb ki, üzümçülüyün irəliləməsi sadəcə yeni bağların salınması ilə bitmir – məhsulun emalı, qablaşdırılması, brendinin formalaşdırılması və bazara çıxarılması da eyni əhəmiyyət daşıyır. Bu baxımdan 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramında şərab istehsalının dəstəklənməsinin ayrıca bir istiqamət kimi müəyyən edilməsi önəmli addım sayılıb.
Proqrama əsasən, kiçik şərab istehsalı müəssisələrinin qurulması və yenilənməsinin təşviqi, habelə bu sahə üçün dəstək mexanizminin formalaşdırılıb tətbiq olunması nəzərdə tutulur. Tədbirdə həmçinin müasir texnologiyaların tətbiqi, şərab istehsalının həcminin artırılması, yerli məhsulların dünya bazarlarına çıxışının asanlaşdırılması və turizmlə şərabçılığın əlaqələndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Konfrans iştirakçıları sahədəki mövcud imkanlardan daha səmərəli faydalanmaq, istehsalçılara dəstək göstərmək və sektorun uzunmüddətli inkişafını təmin etmək məqsədilə bir sıra təkliflər irəli sürüblər.