Fransa Prezidenti Emmanuel Makron amerikalı aktyor Robert De Niro ilə rejissor Martin Skorsezeni ölkənin ən nüfuzlu dövlət ordeni olan "Fəxri Legion" ilə mükafatlandırıb.
Fransa Prezidenti Emmanuel Makron amerikalı kino xadimləri Robert De Niro və Martin Skorsezeni "Fəxri Legion" ordeni ilə təltif edib. Bu barədə "Ouest-France" nəşri məlumat yayıb.
Təltif mərasimi "Villa Albertin" mədəniyyət mərkəzində keçirilib. Mərasimdə Robert De Niroya ordenin Zabit dərəcəsi, Martin Skorsezeyə isə beş dərəcədən ibarət ordenin dördüncü pilləsi olan Böyük zabit statusu verilib.
Hər iki incəsənət xadimi vizual sənətlər sahəsində təhsilə göstərdikləri sadiqlik və müstəqil audiovizual yaradıcılıqlarına görə bu mükafatlara layiq görülüblər. Mərasimdə onlardan başqa aktyor Leonardo Di Kaprio da iştirak edib.
Qeyd olunmalıdır ki, hər iki kino xadimi bu ordenlə əvvəllər də təltif olunublar. Robert De Niro 1997-ci ildə, Martin Skorseze isə 1998-ci ildə ordenin Kavaleri elan edilib. Bundan əlavə, Skorseze 2005-ci ildə həmin ordenin Zabit statusunu da alıb.