Türkiyə 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edir
25 sen 2026 Post redaksiyası 11 1 dəq

Türkiyə 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edir

Türkiyədə hazırlanan yeni qanun layihəsinə əsasən, 2015-ci ildən sonra dünyaya gələn şəxslərə siqaret çəkmək ömürlük qadağan olunacaq.

Türkiyədə tütün məhsulları ilə mübarizə məqsədilə hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan vətəndaşlara siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur.

Layihənin hazırlanmasında iştirak edən professor Toker Ergüder Anadolu Agentliyinə açıqlama verərək bu barədə məlumat yayıb. O bildirib ki, qanunla yanaşı, ölkədə nazik, yəni “slim” siqaretlərin satışının da tamamilə dayandırılması təklif olunur.

Siqaret satışında ciddi artım qeydə alınıb

Ergüder son illərdə Türkiyədə siqaret satışının xeyli artdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, 2012-ci ildə ölkədə təxminən 91 min ton, yəni 4,5 milyard paket siqaret satılıbsa, bu rəqəm 2025-ci ilə qədər təxminən 160 min tona, başqa sözlə 8 milyard paketə yüksəlib.

2040-cı ilədək tam qadağa planlaşdırılır

Daha əvvəl bildirilmişdi ki, Ədalət və İnkişaf Partiyası (AKP) tütünlə mübarizəyə həsr olunmuş qanun layihəsini Böyük Millət Məclisinə təqdim edəcək. Sənədin əsas hədəfi 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının ölkə bazarından tamamilə çıxarılmasıdır.