Bakıda diş ağrısı ilə həkimə müraciət edən 1981-ci il təvəllüdlü Leyla Əhmədova bir sıra tibbi müdaxilələrdən sonra dünyasını dəyişib. Ailəsi onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirir.
Bakıda diş ağrısından şikayətlənərək tibb müəssisəsinə müraciət edən qadın həyatını itirib. Mərhumənin bacısı Cəmilə Mahmudova Baku TV-yə açıqlamasında bacısının həkimlərin məsuliyyətsizliyi üzündən öldüyünü bildirib.
Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü Leyla Əhmədova iyulun 23-də şiddətli diş ağrısı səbəbindən Bilgəh Sağlamlıq Mərkəzinə gedib. Ailənin iddiasına əsasən, stomatoloq Samir Novruzov dişi çıxardıqdan qısa müddət sonra qadının səhhətində kəskin pisləşmə baş verib.
Halı ağırlaşan Leyla Əhmədova sonradan Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Burada həkim Məhəmməd Davudov tərəfindən əməliyyat olunan qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün cəhdlərə baxmayaraq, xəstə sentyabrın 6-da vəfat edib.