Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi İlkin Kərimov bildirib ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün hazırda heç bir sertifikat tələbi qoyulmayıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov açıqlama verərək bildirib ki, ev şəraitində hazırlanan və bazara çıxarılan qida məhsulları üçün heç bir sertifikat şərti mövcud deyil. O, sosial şəbəkə hesabında paylaşdığı yazıda bu mövzuda yayılan bəzi xəbər və şərhlərin real vəziyyəti düzgün əks etdirmədiyini vurğulayıb.
“Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara serfitikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir”
İ.Kərimov qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq bu sahədə tənzimləmə addımları yalnız 2028-ci ildən görüləcək. Onun sözlərinə görə, hazırda belə bir mexanizm mövcud deyil və gələcəkdə tətbiq olunacaq qaydalar məhdudiyyət deyil, əksinə, bu sahədə çalışan insanlara bazara çıxış imkanı yaradacaq.
“Lakin təkrar edirəm ki, hansısa serfitikat tələbi yoxdur. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub”
Kərimovun bildirdiyinə görə, 2024-2025-ci illər və 2026-cı ilin ilk 8 ayı ərzində ölkə üzrə cəmi 241 qida zəhərlənməsi hadisəsi rəsmi şəkildə təsdiqlənib. Bunlardan 137-si, yəni ümumi hadisələrin 57 faizi məişət şəraitində baş verib. Eyni zamanda, həmin hadisələrin 47 faizi mənşəyi bəlli olmayan konserv məhsullarının istifadəsi ilə bağlı olub.
Bu rəqəmlər izlənilə bilinməyən məhsullardan qaynaqlanan zəhərlənmələrin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi və bu cür məhsulların bazara çıxarılması qaydalarının tənzimlənməsinə ehtiyac olduğunu göstərir.
Azərbaycan Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Sənəddə ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi üçün mexanizmin formalaşdırılması nəzərdə tutulur, tədbirin icra müddəti isə 2028–2032-ci illəri əhatə edəcək.
Bu müddət ərzində müvafiq təkliflərin hazırlanması, hüquqi bazanın yaradılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır. Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazara çıxışını asanlaşdırmaqla biznesə dəstək göstərmək, eyni zamanda istehlakçıları mənşəyi bilinməyən qidalardan qaynaqlanan zəhərlənmə riskindən qorumaqdır.
“Ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır”
Bu açıqlama ondan sonra verilib ki, son günlər mediada evdə hazırlanan konservləşdirilmiş qida məhsullarını satan şəxslərdən sertifikat tələb olunacağına dair iddialar yayılmışdı.