Əhməd əl-Şaraa: 11 sentyabr terroruna görə heç bir məsuliyyətim yoxdur
23 sen 2026 Post redaksiyası 2 2 dəq

Əhməd əl-Şaraa: 11 sentyabr terroruna görə heç bir məsuliyyətim yoxdur

Suriya Prezidenti Əhməd əl-Şaraa Nyu-Yorkda keçirilən panel müzakirəsində 11 sentyabr terror aktları və “Əl-Qaidə” ilə bağlı iddialara aydınlıq gətirib.

Suriya Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində “Atlantik Şurası” təşkilatının Nyu-Yorkda təşkil etdiyi tədbirdə keçmişi ilə bağlı sərt suallarla üzləşib. Tədbirin aparıcısı diqqəti onun 2013-cü ildəki fəaliyyətinə yönəldib.

Həmin dövrdə Əbu Məhəmməd əl-Culani adı ilə tanınan və “Əl-Nüsra Cəbhəsi”nə rəhbərlik edən Əhməd əl-Şaraanın “Əl-Qaidə”nin lideri Ayman əl-Zəvahirə sədaqət andı içdiyi xatırladılıb. Moderator ondan bu andı və bağlı olduğu ideologiyanı indi açıq şəkildə inkar edib-etmədiyini soruşub.

Keçmişi ilə bağlı mövqeyi

Suriya lideri bu suala birbaşa cavab vermək əvəzinə, artıq arxada qalmış çoxsaylı hadisələrin olduğunu vurğulayıb.

25 il əvvəl baş vermiş məsələləri müzakirə etməyi məqsədəuyğun hesab etmirəm. O vaxt mən başqa yaşda idim və bölgədəki şərait fərqli idi

Əhməd əl-Şaraa həmçinin Suriyada müharibə şəraitində və Bəşər Əsəd rejiminə qarşı apardığı mübarizə zamanı öz baxışlarında dəyişiklik yaşadığını da bildirib.

11 sentyabr hadisələrinə münasibət

ABŞ-də 11 sentyabr terror aktları ilə bağlı ona ünvanlanan sualı isə Suriya Prezidenti qəti şəkildə rədd edib.

Mənim bununla heç bir əlaqəm olmayıb. Həmin vaxt mənim 13 yaşım var idi. Bu məsələlər barədə heç nə bilmirdim

Əhməd əl-Şaraa ABŞ-də və Yaxın Şərqdə həlak olan insanlara görə təəssüf hissi keçirdiyini bildirib.

Şübhəsiz ki, biz o vaxt baş verənlərdən və Nyu-Yorkda törədilən həmin əməldən tamamilə uzağıq