Abşeron rayonunun Fatmayı kəndində ailəvi münaqişə zamanı həyat yoldaşını bıçaqla yaralayan 38 yaşlı kişi barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi hökmünü elan edib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Z.İsgəndərov (şərti ad) barəsində açılmış cinayət işinə baxılma prosesi başa çatıb. Kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa az ağır zərər vurma ilə bağlı təqsirli bilinib.
İstintaq materiallarına görə, hadisə günü Z.İsgəndərov gecə növbəsində çalışdığı 'Tos Oil' yanacaqdoldurma məntəqəsindən evə qayıdıb. Evə daxil olan kişi arvadının yataq otağında uzandığını və hələ süfrə açmadığını müşahidə edib.
Kişi bunun səbəbini soruşduqda arvadından 'get özün hazırla' cavabını alıb. Bu qarşılıq daha sonra ailə daxilində gərgin bir insidenta çevrilib və qanlı hadisə ilə nəticələnib.
Prosesə cəlb olunan zərərçəkmiş - Z.İsgəndərovun arvadı ifadəsində ərinin əsəbiləşməsinə özünün səbəb olduğunu etiraf edib və ona cəza verilməməsini xahiş edib. Qadın hadisənin necə cərəyan etdiyini belə təsvir edib:
“Zaurla 2014-cü ild ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zaur gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəlib. Uşaqlar həyətdə oynayırdı. Zaur evə gəldikdə nə üçün səhər yeməyi hazırlamadığını soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zaur məndən atam evinə, Gədəbəyə getməyimi istədi. Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək “Gəlin qızınızı aparın”, - dedi. Atam da onunla telefonda razılaşdı. Daha sonra övladım Fatmayı kəndində məktəbə getdiyinə görə atamgilə getməkdən imtina etdi. Sonra Zaur mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara bildirdim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zaur əsəbiləşdi və Mehdiabada paltar almağa getməyimi görüb icazə vermədi. Dedi heç yana getmiyəcəksən. Paltarı sabah gedib Gədəbəydə alarsan, mən isə höcətləşib gedəcəyimi bildirdim. Zaur “getmə, getsən səni vuracam”, - deyə bildirdi. Ona dedim ki, “Qeyrətin çatırsa vur, mən heç kimdən zərrə qədər də qorxmuram”. Bu zaman Zaur uşaqları həyətə oyun oynamağa göndərdi. Dediklərimi təkrar etdirdi, mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım. Zaur bıçağı gizlətdi ki, birdən uşaqlar evə gələr, bıçağı görməsinlər. Zaur məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zaur evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar gördü, onlar da maşına əyləşdi. Zaur, uşaqlar və tanımadığım taksi sürücüsü ilə bir yerdə xəstəxanaya çatmaq üçün yola çıxdıq. Yolda, Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq”.
Hadisədən sonra Zaur İsgəndərov həbs olunaraq bir neçə ay istintaq təcridxanasında saxlanılıb. Məhkəmə prosesi zamanı tərəflərin barışdığı, ailənin övladları olduğu və digər əhəmiyyətli halların mövcudluğu nəzərə alınıb.
Bu amilləri əsas götürən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Zaur İsgəndərova şərti cəza təyin edib. Bundan sonra bir neçə aydır həbsxanada saxlanılan kişi məhkəmə zalından sərbəst buraxılıb.