ABŞ-də iflic xəstələr üçün nitq-hərəkət sistemi yaradıldı
19 sen 2026 Post redaksiyası 6 2 dəq

ABŞ-də iflic xəstələr üçün nitq-hərəkət sistemi yaradıldı

ABŞ-li alimlər iflic xəstələrin həm danışığını, həm də bədən hərəkətlərini eyni vaxtda ötürməyə imkan verən yeni beyin-kompüter interfeysi hazırlayıblar.

ABŞ-də aparılan tədqiqat çərçivəsində iflic xəstələrin nitqini və bədən hərəkətlərini eyni anda rəqəmsal mühitə ötürən yeni beyin-kompüter interfeysi yaradılıb. Layihə ABŞ Milli Səhiyyə İnstitutu (NIH) tərəfindən maliyyələşdirilib, tədqiqat isə Kaliforniya Universitetində həyata keçirilib.

Elm adamları maşın öyrənməsi texnologiyasına əsaslanan sistem vasitəsilə üç iflic xəstəsinin beyin siqnallarını virtual bir personajın hərəkətlərinə çevirməyə nail olublar. Bu, xəstələrin fiziki məhdudiyyətlərinə baxmayaraq rəqəmsal mühitdə hərəkət və danışıq imkanı əldə etməsi deməkdir.

Sistem necə işləyir?

Xəstələrin nitq və bədən hərəkətləri ilə bağlı beyin siqnalları xüsusi kabellər vasitəsilə rəqəmsal mühitə ötürülür. Nəticədə ekrandakı virtual obraz istifadəçinin həm danışığını, həm də bədən hərəkətlərini eyni zamanda əks etdirə bilir.

Mütəxəssislər bildirir ki, yeni texnologiya xüsusilə amiotrofik lateral skleroz (ALS) diaqnozu olan xəstələr üçün daha sürətli ünsiyyət imkanı yarada bilər. Əvvəllər hazırlanmış beyin-kompüter interfeysləri yalnız nitq və ya yalnız hərəkət siqnallarını ayrıca ötürə bilirdi. Yeni sistem isə hər iki funksiyanı eyni vaxtda həyata keçirən ilk texnologiya kimi təqdim olunur.

Simsiz versiya üzərində iş davam edir

NIH-in açıqlamasına görə, tədqiqatçılar hazırda sistemin simsiz variantı üzərində işləyirlər. Bu, gələcəkdə xəstələrin daha rahat və mobil şəkildə texnologiyadan istifadə etməsinə imkan verə bilər.

NIH-in direktoru Debara Tuççi tədqiqatın nəticələrini ümidverici adlandıraraq, bunun gələcəkdə ağır iflici olan insanların daha təbii və hərtərəfli ünsiyyət imkanlarını bərpa etməsinə ümid verdiyini bildirib.