Bakıda Formula 1 Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək
23 sen 2026 Post redaksiyası 5 6 dəq

Bakıda Formula 1 Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək

Sentyabrın 24-26-da Bakı Formula 1-in 2026-cı il təqviminə daxil olan Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək. Yarışın əsas mərhələsi Anım Günü ilə üst-üstə düşməmək üçün bir gün əvvələ - şənbə gününə keçirilib.

Sentyabrın 24-26-da Bakı Formula 1-in 2026-cı il təqviminə daxil olan Azərbaycan Qran-Prisinə növbəti dəfə ev sahibliyi edəcək. Bu il yarışın əsas hissəsi bazar gününün əvəzinə şənbə gününə köçürülüb.

Bunun səbəbi 27 sentyabrın Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdır. Formula 1 və FIA-ya ünvanlanan Azərbaycan tərəfinin müraciətindən sonra bütün Qran-Pri proqramı bir gün irəli çəkilib. Hazırda paytaxtda yarışla bağlı son hazırlıq işləri görülür, şəhər mərkəzində isə xaricdən gələn nümayəndə heyətlərinin üzvlərinə və çoxsaylı Formula 1 həvəskarına rast gəlmək mümkündür.

Beləliklə, 2026-cı ildəki yarış Bakının Azərbaycan Qran-Prisinə doqquzuncu dəfə ev sahibliyi etməsi olacaq. Bundan əlavə, Formula 1-in Azərbaycanla bağladığı müqavilə 2030-cu ilə qədər uzadılıb.

Bakı trasının fərqi nədədir?

Yarışın rəsmi saytında bildirilir ki, Bakı trasının ən diqqətçəkən cəhəti onun kəskin kontrastından ibarətdir.

"Bir tərəfdə çox dar və texniki İçərişəhər hissəsi, digər tərəfdə isə uzun və yüksək sürətli əsas düz yol var. Buna görə komandalar maşını həm döngələrdə idarəolunan, həm də düz yolda sürətli etmək arasında kompromis tapmalıdırlar"

Qeyd olunur ki, trasın uzun düz yolu ötmələr üçün əlverişli şərait yaradır. Maşınlar bu hissədə çox yüksək sürətə çatır və 1-ci döngəyə güclü əyləclə daxil olurlar. Formula 1-in məlumatına əsasən, "Abşeron" tribunasından həm bu ötmələri, həm də güclü əyləcləməni izləmək mümkündür. İçərişəhər hissəsində isə vəziyyət tam fərqlidir - yol daralır, döngələr sıxlaşır və ən kiçik səhv belə divarla toqquşma ilə nəticələnə bilər.

  • Trasın uzunluğu: 6,003 km
  • Dövrələrin sayı: 51
  • Ümumi yarış məsafəsi: 306,049 km

Tribunalar genişləndirilib, maraq artır

Formula 1-in rəsmi açıqlamasına görə, 2025-ci ildə Bakı Qran-Prisinə 90 mindən çox tamaşaçı baxıb. Bu göstərici həmin yarış üçün 9 illik rekord olub.

"2026-cı il Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində yerli və xarici azarkeşlər arasında biletlərə artan tələbatı nəzərə alaraq Bakı Şəhər Halqasında yeni tribun quraşdırılıb. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşən yeni “City” tribunası 678 tamaşaçı üçün nəzərdə tutulub. Tribunanın unikal yerləşməsi tamaşaçılara trasın bir-birinə paralel uzanan iki yüksək sürətli hissəsində bolidlərin hərəkətini izləməyə imkan verəcək. Yeni tribunanın əlavə olunması ilə Bakı Şəhər Halqasındakı tribunaların ümumi tamaşaçı tutumu 21 000 yeri keçib. Həm yerli, həm də xarici azarkeşlərin Azərbaycan Qran-Prisinə artan marağı fonunda Bakı Şəhər Halqası öz infrastrukturunu genişləndirməyə davam edir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb və nəticədə tribunaların ümumi tutumu 6 000-dən çox yer artıb"

Çempionatda vəziyyət necədir?

2026-cı il Bakı Qran-Prisində 11 komanda və 22 pilot yarışacaq. Hazırda çempionatın lideri italiyalı Kimi Antonellidir - o, 14 yarışdan sonra 292 xal toplayıb. Komanda yoldaşı George Russell 211 xalla ikinci, Luis Hamilton isə 191 xalla üçüncü yerdədir.

Antonelli son iki Qran-Pridə - İtaliya və İspaniyada qalib gəlib. İspaniyadakı yarışda Max Verstappen ikinci, Lando Norris isə üçüncü olub. Bu səbəbdən Bakı yarışına çempionatdakı vəziyyətə görə ən çox diqqət çəkiləcək ad Antonelli olacaq.

Bununla belə, mütəxəssislər xatırladır ki, Bakı bir küçə trasıdır və burada qəza, Safety Car, strategiya seçimi və uzun düz yoldakı ötmələr nəticəyə ciddi təsir göstərə bilər. Üstəlik, 2026-cı ildə tətbiq olunan yeni texniki qaydalar səbəbindən komandaların trasdan-trasa göstərdiyi performansı əvvəlki illərlə birbaşa müqayisə etmək mümkün deyil.

Azərbaycanı Formula 1-də təmsil etmək istəyən gənc pilot

Formula 1 yarışları Azərbaycanlı gənclər və yeniyetmələr arasında da bu idman növünə marağı artırıb. Onlardan biri 16 yaşlı Davin Cəfərovdur. Milanda doğulan və hazırda Portuqaliyanın Lissabon şəhərində yaşayan pilot karyerasına kartinqdən başlayıb və Avropada beynəlxalq yarışlarda çıxış edir.

2025-ci ildə İtaliyanın Lonato şəhərində keçirilən kartinq üzrə dünya çempionatında Cəfərov 600-dən çox pilot arasında 8-ci yeri tutub. O, yarışa 32-ci yerdən başlasa da, finalda 24 ötmə edərək diqqətçəkən nəticə göstərib. Bu göstərici onun üçün əhəmiyyətlidir, çünki kartinq Formula yarışlarına keçən sürücülərin əsas hazırlıq mərhələlərindən biri hesab olunur.

Cəfərov bir müsahibəsində motor idmanına marağının necə başladığını belə izah edib:

"Motor idmanına olan həvəsim çox təbii şəkildə başladı. Həmişə avtomobillərə, sürətə, yarışlara, Formula 1-ə, bort videolarına baxmağa, sürücülər və komandalar haqqında məlumat əldə etməyə heyran olmuşam. Bu səyahətə başlamağım üçün əsas təcrübə 2024-cü ildə Azərbaycan Qran Prisində iştirak etmək olub. Atmosfer, azarkeşlər, mexaniklər, sürücülər, marşal və əyləncə - hamısı unudulmaz bir təcrübəyə çevrilib. O günü dünən kimi xatırlayıram. Kartinq bu marağı ciddi bir şeyə çevirməyin ən real və peşəkar yolu kimi hiss olunurdu. Rəsmi olaraq 2024-cü ilin ortalarında kartinqə başladım və trasa çıxdığım andan etibarən həyatımın qalan hissəsində bunu davam etdirmək istədiyimi bilirdim. Peşəkar olaraq rəsmi səviyyədə bəzi sürücülərdən gec başlasam da, diqqətim və motivasiyam həmişə çox güclü olub. Bunu nəticələrlə sübut edə bildim"

O, həmçinin Formula 1-ə çatmaq üçün maliyyə dəstəyinin vacibliyini qeyd edib:

"Bu günə qədər bütün maliyyə dəstəyi valideynlərim və komandam "BirelArt" tərəfindən olub. Beləliklə, hansı yolu seçəcəyimi zaman göstərəcək, amma gələcəkdə "McLaren" və ya "Aston Martin" ilə tərəfdaşlıq etməyi istəyirəm. Çünki onların bu idman növündə böyük təcrübəsi var. Mən onların mənim üçün düzgün olanı edəcəklərinə inanıram. Hazırda isə prioritetim səyahətimdə mənə kömək edəcək bir sponsor axtarmaqdır"

Bakı üçün tanıtım imkanı

Formula 1 Azərbaycan Qran-Prisi eyni zamanda Bakı və Azərbaycanın dünyada daha geniş tanıdılması üçün mühüm platformdur. Müxtəlif ölkələrdən gələn azarkeşlər və milyonlarla televiziya izləyicisi yarış vasitəsilə Bakının tarixi məkanlarını, müasir simasını və ev sahibliyi imkanlarını yaxından tanıyır.

Bu baxımdan Qran-Pri təkcə bir idman yarışı deyil, həm də Azərbaycanın beynəlxalq tanıtımına və turizm potensialının nümayişinə töhfə verən mühüm tədbirlərdən biri sayılır. Qarşıdakı günlərdə Bakı yenidən dünyanın diqqət mərkəzində olacaq.