Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib ki, kimlərsə dindarlarla qeyri-dindarlar arasında qəsdən qarşıdurma yaratmağa çalışır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin keçirilən iclasında çıxış edən deputat Ceyhun Məmmədov cəmiyyətdə müşahidə olunan gərginliyə diqqət çəkib. Onun sözlərinə görə, son zamanlar sosial mediada dindarlar və qeyri-dindarlar arasında süni şəkildə qarşıdurma yaratmaq cəhdləri hiss olunur.
“Sanki kimlərsə dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışır”
Deputat bildirib ki, sosial mediada islam dininə qarşı sistemli şəkildə mənfi təbliğat aparılır və bu proses ciddi narahatlıq doğurur.
“Sosial mediada bir sıra şəxslər tərəfindən davamlı olaraq islam dininin gözdən salınmasına yönəlmiş təbliğat aparılmasının şahidi oluruq. Bu cür təbliğatın aparılmasının qarşısını qəti şəkildə almaq lazımdır. Davamlı olaraq islam dəyərlərinə hücum edilməsi yolverilməzdir”
Ceyhun Məmmədov qeyd edib ki, onu ən çox narahat edən məsələlərdən biri bu prosesin nəzarətsiz və plansız şəkildə inkişaf etməsidir.
“Məni narahat edən əsas məsələlərdən biri prosesin kor-koranə getməsidir. Azərbaycanın ənənəvi dini xəritəsi dəyişir. Bir sıra hallarda radikalizm meyillərini müşahidə edirik. Son həbslər bunu bir daha göstərir”
Deputat bildirib ki, cəmiyyətdə yaranan bu təhlükəli tendensiyanın qarşısını almaq üçün ciddi maarifləndirmə və izahat işləri aparılmalıdır.
“Ciddi maarifləndirmə və təbliğat işlərinə ehtiyac var. Bu gün sosial mediada gedən müzakirələr təhlükəli tendensiyadır. Biz cəmiyyətdə birgəyaşayışı təmin etməliyik. Azərbaycan dünyəvi dövlətdir”
Ceyhun Məmmədov Azərbaycanın dünyəvi dövlət olaraq bütün vətəndaşlar arasında sülh və birgəyaşayış mühitinin qorunmasının vacibliyini vurğulayıb.