Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində hərəkət edən “Ford” markalı avtomobildə yanğın baş verib, sürücü və onun atası son anda xilas edilib.
Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində hərəkət edən “Ford” markalı avtomobildə yanğın baş verib, sürücü və onun atası son anda xilas edilib.
Hadisə bu gün saat 09:30 radələrində baş verib. Həmin ərazidə xidmət göstərən Yol Polisi Xidməti Alayının III taqımının əməkdaşları hərəkət halında olan avtomobildən tüstü qalxdığını görüblər.
Polis əməkdaşları avtomobili dərhal stasionar postda saxlayıblar. Yoxlama zamanı maşında yanğın müşahidə edilib və sürücü Kənan Abdullayev ilə səhhətində problemi olan atası təcili avtomobildən çıxarılıblar.
Alay əməkdaşlarının operativ hərəkəti nəticəsində şiddətlənməkdə olan alov söndürülüb. Bu sayədə avtomobilin tamamilə yanaraq istifadəyə yararsız hala düşməsinin qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, son dövrlərdə bu cür hadisələrin sayı artıb. Qurum sürücülərə avtomobillərinin texniki vəziyyətini daim nəzarətdə saxlamağı tövsiyə edib.
Eyni zamanda uzaq marşrutlara çıxmazdan əvvəl nəqliyyat vasitələrinin mütləq texniki baxışdan keçirilməsinin vacibliyi vurğulanıb.