Moldova Parlamenti elektrik, yanacaq və su təchizatındakı fasilələr, eləcə də təbii qazın bahalaşması riski ilə bağlı energetika və hidrologiya sahəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.
Moldova Parlamenti ölkədə enerji resursları ilə bağlı vəziyyəti nəzərə alaraq xüsusi rejim tətbiqi barədə qərar qəbul edib. Qərarın qəbul edilməsinə səbəb kimi elektrik enerjisi, yanacaq və su təchizatında yaranan fasilələr, habelə təbii qazın qiymətinin sürətlə qalxması təhlükəsi göstərilib.
Sənədin lehinə hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan 56 deputat səs verib. Fövqəladə vəziyyət rejimi sentyabrın 26-dan qüvvəyə minəcək və 60 gün ərzində qüvvədə qalacaq.
Müxalifət tərəfindən qərara etiraz edilib. Müxalifət partiyalarının nümayəndələri hökuməti korrupsiyaya yol verməkdə və enerji böhranının öhdəsindən gələ bilməməkdə ittiham edərək qərarın əleyhinə səs veriblər.
Sentyabrın 21-də Moldova Prezidenti Maya Sandu Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda qışa hazırlıq prosesi və mövsüm başlamazdan əvvəl yaranmış enerji böhranından çıxış yolları müzakirə olunub.
Şuranın toplantısı təbii qazın qiymətinin kəskin şəkildə artması və bunun əhaliyə tətbiq olunan tariflərə birbaşa təsir göstərməsi fonunda keçirilib.
Avqust ayının sonunda hökumət qərarı ilə aidiyyəti qurum qaz tarifini 41 faiz artırıb. Bu addımdan sonra energetika sahəsində tətbiq olunan yüksək hazırlıq rejimi daha 30 gün müddətinə uzadılmışdı.