Səhiyyə Nazirliyinin qəbul qrafiki ilə bağlı mübahisə yarandı
22 sen 2026 Post redaksiyası 3 2 dəq

Səhiyyə Nazirliyinin qəbul qrafiki ilə bağlı mübahisə yarandı

Parlamentdə deputat Səyyad Aranın səhiyyə naziri Teymur Musayevin vətəndaş qəbulu ilə bağlı tənqidindən sonra Səhiyyə Nazirliyinin verdiyi cavab sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Parlamentdəki çıxışında deputat Səyyad Ara səhiyyə naziri Teymur Musayevin vətəndaşları qəbul etmə prosesində ciddi problemlər olduğunu dilə gətirib. Onun sözlərinə görə, nazirin qəbuluna gəlmək istəyən insanlar üçün süni maneələr yaradılır.

“Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur”

Bu tənqidə cavab olaraq Səhiyyə Nazirliyi bildirib ki, vətəndaş qəbulu əvvəlcədən təsdiqlənmiş qrafik üzrə nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən qurumun inzibati binasında aparılır. Nazirlik həmçinin bu barədə məlumatların rəsmi internet səhifəsində yerləşdirildiyini vurğulayıb.

“Vətəndaş qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər şəxslər tərəfindən nazirliyin inzibati binasında keçirilir və bununla bağlı məlumatlar qurumun rəsmi saytında dərc olunur”

Sosial şəbəkədə etirazlar başladı

Nazirliyin bu açıqlamasından sonra isə əksinə, mübahisələr daha da alovlanıb. İstifadəçilər qurumun rəsmi saytındakı qəbul cədvəlinin köhnə və yeni variantlarını yan-yana qoyaraq, faktiki vəziyyətin açıqlamada deyilənlərdən fərqləndiyini iddia ediblər.

Paylaşılan məlumatlara əsasən, saytda yerləşdirilən cədvəl uzun müddət yenilənməyib və reallığı əks etdirmir. Bir sıra istifadəçilər hətta qəbulun ümumiyyətlə göstərildiyi kimi keçirilmədiyini bildiriblər.

Cədvəldəki tarix qeydi diqqət çəkib

Xüsusi diqqəti çəkən məqam isə budur ki, 2026-cı ilin sonuna sayılı aylar qalsa da, nazirliyin saytında yerləşdirilən qəbul qrafikinin başlığında hələ də “2025-ci il üzrə” ifadəsi yer alıb. Bu, cədvəlin nə vaxtdan bəri yenilənmədiyi sualını doğurub.

Bu barədə paylaşımlar geniş yayıldıqdan sonra isə saytdakı mətndən “2025-ci il üzrə” sözləri çıxarılıb. Beləliklə, indi cədvəlin məhz hansı ilə aid olduğu sual altında qalır.

Vəziyyətə aydınlıq gətirmək məqsədilə Səhiyyə Nazirliyinə əlavə sorğu ünvanlansa da, qurumdan hər hansı bir cavab əldə edilməyib.