Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın dağ-mədən sənayesinin geri qalmasının əsas səbəblərindən biri Ermənistanın uzun illər davam etdirdiyi işğalçılıq və talançılıq siyasəti olub.
Dövlət başçısı İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş Dövlət Proqramı ilə bağlı keçirilən müşavirədə çıxış edərək ölkənin bu sahədə üzləşdiyi çətinliklərdən danışıb.
Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi.
Prezident qeyd edib ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında ümumilikdə 60 min hektar meşə fondu Ermənistan tərəfindən dağıdılıb. Onun sözlərinə görə, həmin ərazilər sonradan talan edilib, ağaclar kəsilərək satılıb, İkinci Qarabağ müharibəsindən sonra isə yandırılıb.
Dövlət başçısı xatırladıb ki, erməni silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonlarını tərk etməsi üçün onlara cəmi 2-3 həftə vaxt ayrılmışdı. Bu qısa müddət ərzində erməni tərəfinin nəyə üstünlük verdiyini prezident belə izah edib:
Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur.
Prezidentin sözlərindən aydın olur ki, işğal dövründə erməni tərəfinin apardığı təxribatlar təkcə hərbi deyil, həm də təbii sərvətlərin və infrastrukturun məqsədli şəkildə məhv edilməsi formasında özünü göstərib. Bu proses Azərbaycanın dağ-mədən sənayesinin inkişafına da mənfi təsir göstərən amillərdən biri kimi qeyd olunub.