Səyyad Aran: Əmrullayevə iki aydır zəng edirəm, tapa bilmirəm
21 sen 2026 Post redaksiyası 10 1 dəq

Səyyad Aran: Əmrullayevə iki aydır zəng edirəm, tapa bilmirəm

Deputat Səyyad Aran bildirib ki, artıq iki aydır təhsil naziri Emin Əmrullayevlə telefon əlaqəsi qura bilmir.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran çıxış edərək təhsil naziri Emin Əmrullayevlə əlaqə saxlaya bilmədiyini gündəmə gətirib.

“Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm”

Qaradonlu məktəbinin yubileyi bəhanə oldu

Deputat qeyd edib ki, Qaradonlu kənd məktəbinin yaradılmasından 120 il keçir və bu münasibətlə tədbir təşkil olunacaq. Ona çatan məlumata əsasən, nazir oktyabrın 10-da həmin tədbirdə iştirak edəcək.

Səyyad Aran bildirib ki, bu barədə naziri xəbərdar etmək məqsədilə dəfələrlə əlaqə saxlamağa cəhd edib, lakin heç bir nəticə əldə edə bilməyib.

“Mənə cavab vermir. Təqvimimdə yazmışam, zəng etdim, cavab vermədi. Axı sənin köməkçin var. Tutaq ki, sənin günorta çox vacib işlərin oldu, görmədin. Sabah bax gör sənə kimlər zəng edib. Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib. Bir soruş ki, zəng etmisən, nə məsələdir”