Ukrayna müharibəsi başlayandan sonra Rusiyanı tərk edən rejissor Andrey Zvyaqintsev Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agentlər” siyahısına salınıb.
Rusiya Ədliyyə Nazirliyi “Leviafan” və “Sevgisizlik” filmlərinin müəllifi, rejissor Andrey Zvyaqintsevi “xarici agentlər” reyestrinə əlavə edib. Bu barədə qurumun rəsmi saytında yayılan bildirişdə açıqlanıb.
Sənəddə göstərilir ki, rejissor “xarici agentlərin, eləcə də fəaliyyəti Rusiya Federasiyası ərazisində arzuolunmaz tanınmış xarici və beynəlxalq təşkilatların siyahısına daxil edilmiş qurumların qeyri-məhdud şəxslər dairəsi üçün mesaj və materiallarının yaradılmasında iştirak edib”.
Bununla yanaşı, nazirlik Zvyaqintsevi ölkə rəhbərliyinin qəbul etdiyi qərarlar və yürütdüyü siyasət barədə yanlış məlumat yaymaqda da ittiham edib.
Bu qərardan öncə Kremlin mətbuat katibi Dmitri Peskov rejissorun Kann Kinofestivalındakı çıxışına münasibət bildirmişdi. O vurğulamışdı ki, Zvyaqintsev 2014-cü ildən bəri Donbasda baş verən hadisələrə göz yumduğu üçün bu mövzuda danışmaq hüququ yoxdur.