Bakıda tarixi-dini abidələrin qorunmasına dair konfrans keçirilir
18 sen 2026 Post redaksiyası 6 5 dəq

Bakıda tarixi-dini abidələrin qorunmasına dair konfrans keçirilir

Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir.

Tədbir Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Konfransda aidiyyəti dövlət qurumlarının rəhbərləri, alimlər, sahə mütəxəssisləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Dövlət Komitəsi sədrinin çıxışı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Ümummilli lider Heydər Əliyevin tarixi və dini irsə münasibətini əks etdirən fikrini xatırladıb:

“Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar”

Ramin Məmmədov dini abidələrin sadəcə memarlıq nümunəsi olmadığını, onların xalqın tarixi yolunu, dini dünyagörüşünü, adət-ənənələrini və milli yaddaşını daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasət çərçivəsində mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Sədr bildirib ki, qanunvericiliyin təkmilləşdirilməsi, abidələrin bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər bu siyasətin ardıcıl və sistemli xarakterindən xəbər verir.

Bərpa olunan abidələr

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən Pir Həsən ziyarətgahında bərpa işləri artıq başa çatdırılıb. İmam məscidində bərpa işləri yekunlaşmaq üzrədir, Gəncədəki “Cümə” məscidində isə təmir-bərpa işlərinə start verilib.

Ramin Məmmədov işğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpa edilməsinin xalqın mənəvi yaddaşının bərpasına xidmət etdiyini qeyd edib. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Sədr abidələrin bərpasından sonra onların qorunması və yaşadılması üçün dövlət qurumları, mütəxəssislər və dini icmalar arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, abidələr barədə məlumatların sistemləşdirilməsi, vahid məlumat bazası və rəqəmsal xəritənin yaradılması, həmçinin müxtəlif sahə mütəxəssislərinin prosesə cəlb edilməsinin önəmini diqqətə çatdırıb.

Mədəniyyət nazirinin qiymətləndirməsi

Mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəni irsin qorunması istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirib. “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında mədəni irsin qorunmasına dair xüsusi yanaşmanın müəyyənləşdirildiyini deyib.

Onun sözlərinə görə, konsepsiyada müasir dünya standartlarına uyğun qoruma mexanizmlərinin tətbiqi, bərpa-konservasiya fəaliyyətinin təkmilləşdirilməsi və geniş ictimaiyyətin bu prosesə cəlb olunması öz əksini tapıb.

Adil Kərimli 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin, o cümlədən məscidlərin ciddi dağıntılara və vandalizmə məruz qaldığını, mədəni mülkiyyətin talan edildiyini bildirib. Nazir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə, eləcə də beynəlxalq miqyasda bəşəri irsin qorunması üzrə həyata keçirilən layihələri vurğulayıb.

Nazir sürətli urbanizasiya prosesində tarixi binaların və dini abidələrin orijinal görkəminin saxlanılmasının vacibliyinə toxunub. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi yanında Ekspert Şurası və aidiyyəti qurumlar elmi-mühəndis yanaşmaları əsasında tarixi irsin müasir infrastruktura inteqrasiyasını təmin edir. Adil Kərimli çıxışının sonunda tarixi-dini irsin qorunmasının cəmiyyətin ümumi məsuliyyəti olduğunu vurğulayaraq aidiyyəti qurumları, alimləri və dini icma nümayəndələrini bu prosesdə fəal iştirak etməyə çağırıb.

Qanunvericilik bazasının gücləndirilməsi

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasının bu sahədə müzakirələrin genişlənməsinə təkan verdiyini bildirib. O, tarixi-dini abidələrin qorunması ilə bağlı qanunvericilik bazasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Fazil Mustafa qeyd edib ki, abidələrin qorunması yalnız onların fiziki bərpası ilə məhdudlaşmamalı, tarixi yaddaşın yaşadılması və turizm potensialının üzə çıxarılması da nəzərə alınmalıdır. O, Qərbi Azərbaycanda dağıdılmış abidələrin böyük əksəriyyətinin tarixi-dini irs nümunələri olduğunu vurğulayıb.

“Azərbaycan dövlətinin tarixi-dini irsə münasibətində dini mənsubiyyət fərqləndirici meyar deyil. Məscidlər, kilsələr və sinaqoqlar xalqımızın tarixi-mədəni irsinin tərkib hissəsi kimi qorunur”

Fazil Mustafa tədbirdə səsləndirilən təklif və fikirlərin aidiyyəti qurumlara çatdırılmasının vacibliyini də bildirib.

Elmi yanaşma və kadr hazırlığı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova dini memarlıq abidələrinin qorunmasının milli yaddaşın və memarlıq ənənələrinin yaşadılması baxımından əhəmiyyətli olduğunu bildirib. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə toxunan rektor bərpa zamanı abidələrin ilkin memarlıq xüsusiyyətlərinin saxlanılmasının vacib şərt olduğunu vurğulayıb.

O, yerli icmalar tərəfindən bu istiqamətdə həyata keçirilən layihələrin mütəxəssislərlə razılaşdırılmasının zəruriliyini qeyd edib, həmçinin Azərbaycanın tarixi-mədəni irsi barədə məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

Gülçöhrə Məmmədova tarixi irsin qorunması sahəsində peşəkar kadrların hazırlanmasından da danışıb və Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq əməkdaşlıq çərçivəsində müvafiq təhsil proqramlarının həyata keçirildiyini bildirib.

Konfrans panel sessiyalarla davam edir. Panellərdə dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, bu prosesdə dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitindəki əhəmiyyəti müzakirə olunacaq.