Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Yunanıstanın düşməni deyil, NATO çətiri altında müttəfiqi olan qonşusudur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı Ankara ilə Afina arasındakı münasibətlərə toxunaraq mühüm açıqlamalar verib.
Jurnalistlər Ərdoğana Yunanıstanda yaxınlaşan seçkilər fonunda Baş nazir Kiriakos Mitsotakisin F-35 qırıcılarının satışı ilə bağlı açıqlamalarının iki ölkə arasında son dövrdə müşahidə olunan yumşalma və danışıqlar prosesinə necə təsir edəcəyini soruşub.
Türkiyə lideri bu suala cavab olaraq qonşu ölkənin daxili siyasi prosesləri ilə maraqlanmadıqlarını vurğulayıb:
“Yunanıstanın və ya başqa qonşularımızın daxili siyasəti ilə maraqlanmaq kimi bir dərdimiz yoxdur. Yunanıstanda seçki olar, hökumət dəyişər, müxalifət dəyişər – bunlar bizim məsələmiz deyil. Bizim məsələmiz Türkiyənin hüquqları, təhlükəsizliyi, Egey və Şərqi Aralıq dənizində sülhün və sakitliyin qorunmasıdır. Bunu bir dəfə çox aydın şəkildə demək istəyirəm: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir”
Ərdoğan sözlərinə davam edərək iki ölkə arasındakı əlaqələrin həssaslığını və əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu münasibətlər heç vaxt seçki kampaniyasının predmetinə çevrilməməlidir.
Türkiyə Prezidenti mövzu ilə bağlı mövqeyini belə ümumiləşdirib:
“Sözügedən müzakirələrə məhz bu bucaqdan baxırıq. Biz öz gündəmimizə fokuslanmışıq və hazırda öz işimizlə məşğuluq”
Bu açıqlamalarla Ərdoğan Türkiyənin Yunanıstanla münasibətlərdə sülh və sabitliyə önəm verdiyini, lakin ölkənin öz maraqlarından – xüsusən Egey və Şərqi Aralıq dənizindəki hüquq və təhlükəsizlik məsələlərindən – geri çəkilməyəcəyini bir daha diqqətə çatdırıb.