Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov bildirib ki, prezident Volodimir Zelenski iyun ayında seçkilərin keçirilməsinə razı olsa da, keçmiş baş komandan Valeri Zalujnının namizədliyini biləndən sonra fikrini dəyişib.
Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov açıqlayıb ki, prezident Volodimir Zelenskiyə hələ iyun ayında ölkədə seçkilərin keçirilməsi barədə təklif edib, lakin dövlət başçısı sonradan bu fikrindən geri çəkilib. Fedorovun sözlərinə görə, bunun səbəbi Zelenskinin keçmiş baş komandan Valeri Zalujnının seçkilərdə namizəd kimi çıxış edəcəyini öyrənməsi olub.
Sabiq nazir bu məlumatı "Ukrayinska pravda" nəşrinə verdiyi müsahibədə açıqlayıb.
Hələ iyun ayında mən seçkilərin keçirilməsini təklif etmişdim. Zelenski əvvəlcə razı idi, lakin Zalujnının da seçkilərə qatılacağını bildikdən sonra fikrindən daşındı.
Avqustun 23-də Volodimir Zelenski bəyan edib ki, hazırkı şəraitdə Ukraynada seçkilərin keçirilməsi ölkənin dağılması ilə nəticələnə bilər. Bundan bir neçə gün əvvəl, avqustun 19-da isə Mixail Fedorov ölkədəki idarəetmə sistemində dərin böhranın mövcud olduğunu vurğulayaraq prezident seçkilərinin keçirilməsinə çağırış edib.
Sabiq rəsmi o zaman bildirib ki, hakimiyyət özünə deyil, xalqa xidmət üçün mövcuddur və demokratik prosesin bərpası üçün ölkəyə təcili seçki kampaniyası lazımdır.
Qeyd edək ki, Volodimir Zelenskinin prezidentlik səlahiyyətlərinin müddəti 2024-cü il mayın 20-də başa çatıb. Ukraynada növbəti prezident seçkiləri həmin ilin martın 31-də keçirilməli idi, lakin bu proses təxirə salınıb.
Ukrayna rəhbərliyi seçkilərin təxirə salınmasına səbəb kimi ölkədə qüvvədə olan hərbi vəziyyəti və ümumi səfərbərliyi göstərib.