Bakı Mühəndislik Universitetində 44 günlük Vətən müharibəsinin iştirakçıları və şəhid ailələrinin üzvü olan tələbələrlə görüş təşkil olunub. Tədbirdə rektor Yaqub Piriyev və çıxış edən tələbələr Zəfər yolundan danışıblar.
Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən müharibəsinin iştirakçısı olan və şəhid ailələrinin üzvü olan tələbələrlə görüş keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi, Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsindəki Zəfər yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən BMU rektoru Yaqub Piriyev 27 Sentyabr Anım Gününün Azərbaycanın müasir tarixində xüsusi yer tutduğunu bildirib. O, 44 günlük müharibə nəticəsində xalqın uzun müddət gözlədiyi tarixi ədalətin bərpa olunduğunu və işğala son qoyulduğunu vurğulayıb.
Rektor Qələbənin əldə olunmasında şəhidlərin fədakarlığını, qazilərin qəhrəmanlığını, xalqın birliyini, eləcə də Müzəffər Ali Baş Komandanın siyasətini, rəhbərliyini və hərbi strategiyasını əsas amillər kimi qeyd edib. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, prinsipiallığı və beynəlxalq aləmdə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etməsi barədə də danışıb.
Piriyev müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə dövlətin öz gücü hesabına aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə toxunub. O, şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin dövlət tərəfindən daim diqqətdə saxlanıldığını, BMU-nun da bu sahədə məsuliyyət daşıdığını bildirib.
Rektor qazilərə, şəhid ailələrinin üzvü olan tələbə və əməkdaşlara hər zaman dəstək olmağa hazır olduqlarını bildirib. Onların problemləri ilə maraqlanmağın universitet üçün mənəvi borc və şərəf olduğunu diqqətə çatdırıb.
Bu il BMU-nu bitirən və hazırda universitetin Memarlıq və inşaat fakültəsində çalışan şəhid Osman Manafovun həyat yoldaşı Aysel Manafova çıxışında şəhid ailələrinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, tələbəlik illərində də bu qayğını hiss etdiyini vurğulayıb və şəhid ailələrinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində örnək rolunu qeyd edib, bu cür görüşlərin vacibliyini bildirib.
İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi, 19 yaşında "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülmüş Azər Abdullazadə döyüş yolundan və Qələbədən sonra gənclərin üzərinə düşən vəzifələrdən danışıb. O, təhsilin davam etdirilməsi və əldə olunan bilik-bacarıqların ölkənin inkişafına xidmət etməsinin önəmini qeyd edib.
BMU-da bakalavr pilləsini bitirən, hazırda "İnsan resursları" ixtisası üzrə I kurs magistrantı olan Vətən müharibəsi iştirakçısı Pərviz Əli Qələbəyə gedən yolda mühüm məqamlardan söz açıb. O, döyüşdə düşmən snayperinin atəşi nəticəsində aldığı yaralanmadan sonra yaşadığı çətinlikləri və o dövrdə müəllimlərinin göstərdiyi mənəvi dəstəyi bölüşüb.
Pərviz Əli şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqətdən razı qaldığını bildirib, BMU-nun bu tələbələrə xüsusi münasibətinə görə universitet rəhbərliyi və kollektivinə təşəkkür edib.
Görüş çərçivəsində rektor tələbələrlə fərdi qaydada söhbətlər aparıb, onların fikir və təkliflərini dinləyib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.