Daxili işlər naziri Vilayət Eyvazov sentyabrın 24-də xarici dövlətlərin Polis Akademiyalarında təhsil almaq üçün ezam olunan kursantlarla görüşüb.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkələrin Polis Akademiyalarında hüquq təhsili almaq üçün göndərilən kursantları qəbul edib. Görüş sentyabrın 24-də baş tutub.
Nazir gənclərə həyatlarının ən əlamətdar anlarından birini - polis kursantı statusuna layiq görülmələrini təbrik edərək, onlara uğurlar arzulayıb.
Vilayət Eyvazov ölkə rəhbərliyinin gənc nəslə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb. Onun sözlərinə görə, yüksək mənəvi keyfiyyətlərə malik, işgüzar və bacarıqlı gənclərin cəmiyyət həyatında fəal iştirakı, habelə onların dövlət qulluğunda vəzifə yüksəlişi üçün lazımi tədbirlər görülür.
Nazir gənc kursantlara Azərbaycan dövlətinin və Polis təşkilatının nüfuzunu hər zaman uca tutmağı tapşırıb. Bununla yanaşı, onlara biliklərini və praktiki vərdişlərini, həm peşəkarlıq, həm də fiziki hazırlıq baxımından özlərini daim inkişaf etdirmələrini məsləhət görüb.
Eyvazov həmçinin kursantlardan müasir informasiya texnologiyalarını mənimsəmələrini və özləri üzərində daim çalışmalarını istəyib.