Ağdaşda 14 yaşlı yeniyetmə tir tüfəngi ilə küçə heyvanına atəş açarkən güllə qonşuluqda yaşayan 51 yaşlı qadına dəyib.
Ağdaşda silahla bağlı insident qeydə alınıb, nəticədə bir qadın xəsarət alıb.
51 yaşında olan rayon sakini qarın nahiyəsindən aldığı xəsarətlə tibb müəssisəsinə müraciət edib. Araşdırma zamanı məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə. yetirib.
Yeniyetmə küçədə gəzən heyvana tir tüfəngi ilə atəş açıb. Bu zaman güllə istiqamətini dəyişərək qonşuluqdakı evdə yaşayan qadına toxunub.
Polis əməkdaşları hadisə yerinə cəlb olunaraq istifadə edilmiş tir tüfəngini götürüblər. Baş vermiş faktla bağlı hazırda araşdırma davam etdirilir.
İstintaqın gedişində müəyyən edilib ki, hadisəyə görə şübhəli bilinən yeniyetmə Ağdaşda tanınan sahibkar Məhəmməd Əliyevin nəvəsidir.