Lənkəranda 2023-cü il təvəllüdlü Ə.E. adlı 3 yaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, faktla bağlı polis araşdırma aparır.
Lənkəran şəhərində 3 yaşlı uşağın fiziki zorakılığa məruz qaldığı ehtimal olunur. Hadisə bu səhər şəhər ərazisində qeydə alınıb.
2023-cü il təvəllüdlü Ə.E. bədəninin müxtəlif hissələrində xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Kiçik yaşlı uşağa ilkin tibbi yardım göstərilsə də, onun sağlamlıq vəziyyəti hazırda ağır qiymətləndirilir.
Uşağın valideynləri xəsarətlərin digər uşaqlarla oynadığı zaman baş verdiyini iddia ediblər. Bununla belə, əldə olunan məlumata görə, 3 yaşlı körpə əslində atalığı tərəfindən döyülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu bildirib ki, bu fakt üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat davam etdirilir.
Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub. Araşdırmanın yekun nəticələrinə əsasən hadisəyə hüquqi qiymət veriləcək.