Son xəbər: Pezeşkian: İran ABŞ-a artıq etibar etmir
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib. Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub.
Prezident İlham Əliyev Azərbaycan və Tacikistanın dost və qardaş dövlətlər olduğunu qeyd edərək, ikitərəfli münasibətlərin potensialının daha da genişləndirilməsi üçün əlverişli şəraitin mövcud olduğunu bildirib. Dövlət başçısı öz növbəsində Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana həyata keçirdiyi səfərlərin, eləcə də müxtəlif səviyyələrdə aparılan digər qarşılıqlı ziyarətlərin əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Prezidentin sözlərinə görə, Koxir Rasulzodanın Azərbaycana bu səfəri nəqliyyat-logistika, birgə iqtisadi fəaliyyət və ticarət dövriyyəsinin artırılması ilə bağlı aktual məsələlərin müzakirəsinə şərait yaradıb.
Qəbul və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salam və xoş arzularını Azərbaycan dövlətinin başçısına ötürüb. İlham Əliyev bu salamlara görə təşəkkürünü bildirib və öz salamlarını Tacikistan liderinə çatdırmağı xahiş edib.
Dövlət başçısı Emoməli Rəhmonla həm Azərbaycanda, həm Tacikistanda, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşləri və söhbətləri məmnunluqla xatırlayıb.
Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərinə yüksək qiymət verdiyini bildirərək, hər iki dövlətin prezidentlərinin güclü siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan dialoqu sayəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini deyib. Bu baxımdan Baş nazir 2024-cü ildə Bakıda imzalanan "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni xatırladıb.
Koxir Rasulzoda ikitərəfli əlaqələrin genişlənməsində Prezident İlham Əliyevin şəxsi rolunu da qeyd edib. Baş nazir həmçinin Azərbaycanın "ASAN xidmət" modelinin əhəmiyyətini vurğulayaraq, bu təcrübənin Tacikistanda tətbiqi ilə bağlı maraqlı olduqlarını bildirib.
Görüş çərçivəsində tərəflər Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçərək beynəlxalq bazarlara çıxarılması imkanlarını müzakirə edib. Bundan başqa metallurgiya, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivlərinə toxunulub.
Tərəflər iki xalqın tarixi bağlarını və ortaq köklərini vurğulayaraq, mədəni-humanitar və idman sahəsində mütəmadi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Tacikistanın Baş naziri Azərbaycanın tacikistanlı tələbələr üçün ayırdığı təhsil kvotalarına görə təşəkkürünü bildirib.
Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu bir daha xatırladılaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının vacibliyi qeyd olunub. Turizm və sərnişin daşımaları sahəsindəki artım məmnunluqla vurğulanıb, ölkələrin turizm imkanlarının təqdimatı üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti bildirilib.
Görüş zamanı ümumilikdə qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunub, ikitərəfli münasibətlərin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.