Kamboca hökuməti ölkədə dağıdılan nəhəng onlayn fırıldaqçılıq mərkəzlərini jurnalistlərə göstərib, bu obyektlərin lüks otel və istirahət kompleksi görüntüsü altında qlobal cinayət şəbəkələrinin qərargahı olduğu üzə çıxıb.
Kamboca hökuməti ölkə ərazisində aparılan xüsusi əməliyyatlar nəticəsində dağıdılan nəhəng onlayn fırıldaqçılıq mərkəzlərini jurnalistlərə göstərib.
Xaricdən baxıldıqda lüks otel, istirahət kompleksi və ya əyləncə mərkəzi təsiri bağışlayan bu obyektlərin əslində qlobal miqyaslı rəqəmsal cinayət şəbəkələrinin qərargahı olduğu ortaya çıxıb.
Məlum olub ki, dünyanın müxtəlif nöqtələrindən yüksək maaşlı iş təklifi ilə cəlb edilən insanlar bu yerlərdə zorla saxlanılıb və fırıldaqçılıq sxemlərində işləməyə məcbur ediliblər. Qurbanların sənədləri əllərindən alınıb, onlara guya borcları olduğu bildirilərək sərbəst buraxılmayıblar, gündəlik iş rejimi isə 16 saata qədər uzadılıb.
Prey Venq əyalətindəki “8 nömrəli Park” adlı obyekt təqribən 120 hektar sahəni tutur və eyni anda 20 min insanı yerləşdirmək gücündədir. Hündür hasarlarla və nəzarət kameraları ilə əhatələnən ərazidə yaşayış blokları, restoranlar, market şəbəkəsi, gecə klubları, hətta süni gölə də rast gəlinib.
Burada saxta polis rekvizitləri aşkarlanıb — məqsəd qurbanları çaşdırmaq imiş. Otaqlardan birində Sinqapur polisinə aid saxta emblemlər, forma dəstləri və saxta 100 dollarlıq banknotlar tapılıb.
Kamboca Onlayn Fırıldaqçılığa Qarşı Komissiyasının nümayəndəsi Hay Makara bildirib ki, bu obyektə fevral ayında basqın edilib. Onun sözlərinə görə, reyd Çin İctimai Təhlükəsizlik Nazirliyi, ABŞ Federal Təhqiqat Bürosu və əvvəllər həmin yerdən qaça bilmiş insanların verdiyi məlumatlar əsasında hazırlanıb.
Araşdırma gedişində müəssisə ilə bağlı Eang Sok Lim saxlanılıb. Aparılan axtarışlar zamanı 11 kompüter, 19 prosessor, 6 server, 2 müşahidə kamerası, çoxsaylı mobil telefon, iş icazələri və pasportlar əldə edilib.
Svay Rieng əyalətindəki yeddi mərtəbəli, 700-dən artıq otağı olan “Golden Galaxy Casino” binası da fırıldaqçılıq fəaliyyətindən sonra boşaldılıb. Otaqların içərisində 8-10 nəfərin yerləşdiyi çarpayılar, geyim yığınları və mərc üçün istifadə olunan cihazlar aşkarlanıb.
Binanın sahibi Honq Seunq Gi, habelə kirayəçilər Le Van Nquyen və Nquyen Van Vinh saxlanılıb. Çin, Vyetnam, Cənubi Koreya və Banqladeş vətəndaşları da daxil olmaqla 200 nəfərdən çox xarici şəxs müəyyən edilərək İmmiqrasiya Baş İdarəsinə göndərilib, onların ölkədən çıxarılması prosesi başlayıb.
Kandal əyalətində yerləşən “Jin Zi Hui Əmlak İdarəetmə Şirkəti” adlı obyekt 51 hektar sahəyə yayılıb və 55 bina, 113 villa, ümumilikdə 4707 otaqdan ibarətdir.
Kompleksdə yaşayış sahələri, restoranlar, marketlər, gecə klubları və kazinodan başqa, telefon danışıqları aparmaq üçün səs keçirməyən xüsusi kabinlər, eləcə də ayrı-ayrı mövzular üzrə qurulmuş studiyalar da fəaliyyət göstərib.
Ərazidə aparılan yoxlamalar zamanı 8 fərqli ölkəyə məxsus 3779 kompüter, 11585 mobil telefon, 56 prosessor və 35 server, habelə polis geyimləri ilə pasportlar müsadirə olunub. Prokuror köməkçisi Senq Heanqın açıqlamasına görə, qeyri-rəsmi hesablamalara əsasən bu ərazidə Çin, Banqladeş, Pakistan, Myanma və Vyetnamdan olmaqla təxminən 30 min nəfər fəaliyyət göstərib.
Rəsmi məlumata əsasən, 2025-ci ilin iyul ayından 2026-cı ilin avqust ayınadək onlayn fırıldaqçılıqla əlaqəli 446 iş məhkəmə orqanlarına təqdim olunub. Bu müddət ərzində 832 şübhəli obyekt yoxlanılıb, onlardan fırıldaqçılıqla məşğul olduğu sübuta yetirilən 663 mərkəz bağlanıb, 86-sının isə irimiqyaslı kompleks olduğu bəlli olub.
Onlayn fırıldaqçılıq işləri çərçivəsində 29 fərqli millətdən olan dəstə liderləri də daxil olmaqla ümumilikdə 3927 şəxs məhkəməyə cəlb edilib. Davam edən istintaqlar nəticəsində müxtəlif bank hesablarında 300 milyon dollardan artıq məbləğ dondurulub, digər aktivlərin aşkarlanması istiqamətində işlər davam etdirilir.