Suraxanı rayonunda polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli bilinən C.Qasımlını saxlayıb, ondan 11 kiloqram narkotik aşkar edilib.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları apardıqları əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlını saxlayıblar. Saxlanılan şəxsdən 11 kiloqram narkotik vasitə aşkar olunub.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri sosial şəbəkələr vasitəsilə tanış olduğu xarici ölkə vətəndaşından əldə edib. Bu xarici vətəndaşın şəxsiyyəti hazırda istintaq tərəfindən araşdırılır.
Məlum olub ki, C.Qasımlı əldə etdiyi narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq onların dövriyyəsini təşkil etməyi planlaşdırırmış.
Baş vermiş fakt üzrə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.