Rusiyanın İrkutsk vilayətinə daxil olan Baykalsk şəhərində ayıların insanlara hücumları artdığından gecə vaxtı hərəkət qadağası tətbiq olunub.
Rusiyanın İrkutsk vilayətindəki Baykalsk şəhərində vəhşi ayıların insanlara hücum etməsi ilə bağlı xüsusi qadağalar tətbiq edilib. Qərara əsasən, axşam saat 19:00-dan sonra sakinlərin küçələrdə, parklarda və meşəlik ərazilərdə olması qadağandır.
Yerli hakimiyyət orqanları meşəyə və şəhərdən kənar uzaq bölgələrə getməyi, habelə yabanı bitki və giləmeyvə toplamağı da qadağan edib. Ev heyvanları ilə gəzintilərin isə yalnız gün işığında, yəni günün açıq vaxtlarında aparılması tövsiyə olunur.
Şəhər rəhbərliyinin yaydığı bəyanatda qeyd olunub ki, ayılar artıq insanlardan çəkinmir və meşə ərazisi hazırda ciddi risk yaradır. Bölgədə bu vəziyyət rəsmi olaraq "ölümcül təhlükə zonası" kimi elan edilib.
Son dövrdə Rusiyanın bir sıra regionlarında vəhşi ayıların insanlara hücumu hallarında kəskin artım qeydə alınıb. Tək sentyabr ayında İrkutsk vilayətində bu cür hücumlar nəticəsində üç nəfər həyatını itirib.
Vəziyyətlə bağlı İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bütün bölgə ərazisində yüksək hazırlıq rejiminin elan olunacağını açıqlayıb. Sentyabrın 17-də isə vilayət rəhbərliyi 353 ayının məhv edilməsi barədə qərar verib.
Hazırkı məlumata görə, bu qərar çərçivəsində indiyədək 176 heyvan öldürülüb.