Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi olduğunu iddia edən fransız bloqer və jurnalist Nataşa Rey vəfat edib.
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron barədə mübahisəli iddialarla tanınan bloqer Nataşa Rey dünyasını dəyişib. Onun vəfatı barədə məlumatı jurnalist Ksavye Pussar özünün “X” sosial şəbəkəsi hesabında paylaşıb.
Məlumata görə, Nataşa Rey uzun müddət onkoloji xəstəliklə mübarizə aparıb və bu gün dəfn ediləcək.
2021-ci ildə Nataşa Rey “YouTube” platformasında yerləşdirdiyi videoda Emmanuel Makrondan 24 yaş böyük olan həyat yoldaşı Bricit Makronun əslində kişi cinsində doğulduğunu iddia edib. Bloqerin sözlərinə görə, Bricit Makronun həqiqi adı Jan-Mişel Tronye olub və o, sonradan cinsini dəyişdirib.
2024-cü ilin sentyabrında Paris məhkəməsi bu iddiaları əsassız hesab edərək Nataşa Reyi və onun çıxışlarının yayımlandığı “YouTube” kanalının sahibi Delfin Jequssini 13.500 avro məbləğində cərimə edib.
Bununla belə, Paris Apellyasiya Məhkəməsi sonradan Reyə qarşı irəli sürülmüş böhtan iddiası üzrə bəraət qərarı çıxarıb. Məhkəmə bloqerin ifadələrinin böyük hissəsinin hüquqi mənada böhtan tərifinə uyğun gəlmədiyi qənaətinə gəlib.