Misli Premyer Liqasının VI turunda keçirilən "Qarabağ" – "Şəfa" qarşılaşmasında Tofiq Bəhramov adına Respublika Stadionunu izləməyə gələn azarkeşlərin sayı 200 nəfəri belə ötmədi.
Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən "Qarabağ" – "Şəfa" oyununda tribunalardakı boşluq diqqəti çəkdi. 31 mindən artıq tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda matçı canlı izləyən azarkeşlərin sayı 200 nəfəri belə keçmədi.
Belə mənzərə xüsusilə Ağdam təmsilçisinin beynəlxalq arenadakı çıxışları ilə müqayisədə diqqətçəkici görünür. "Qarabağ" Avropa Liqası və digər qitə turnirlərində çıxış edərkən stadion tamamilə dolur, hətta anşlaq yaranır.
Beynəlxalq oyunlarda biletlər bir neçə saat ərzində satılıb qurtarır, tribunalarda böyük izdiham və coşqu müşahidə olunur. Bunun əksinə olaraq, ölkədaxili çempionat qarşılaşmalarında oxşar marağı görmək mümkün olmur.
"Qarabağ" Azərbaycan futbolunun ən güclü təmsilçilərindən biri sayılsa da, yerli liqa matçında tribunalarda yaranan bu boşluq azarkeşlərin daxili çempionata marağının aşağı olması məsələsini yenidən müzakirə mövzusuna çevirib.