Tahir Gözəl: 2001-ci ildə "Qarabağ" hazır klub deyildi
21 sen 2026 Post redaksiyası 4 2 dəq

Tahir Gözəl: 2001-ci ildə "Qarabağ" hazır klub deyildi

"Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl bildirib ki, "Azərsun" 2001-ci ildə komandaya dəstək verməyə başlayanda bugünkü infrastruktura, maliyyə imkanlarına və geniş azarkeş bazasına malik hazır bir klub mövcud olmayıb.

"Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl bildirib ki, "Azərsun" 2001-ci ildə komandaya dəstək göstərməyə başlayanda klubun bugünkü səviyyəsində infrastrukturu, maliyyə imkanları, geniş azarkeş bazası, formalaşmış idarəetmə sistemi və Avropa təcrübəsi yox idi.

Onun sözlərinə görə, həmin dövrdə klub olduqca ağır sınaqlardan keçirdi. Qarabağın işğalı üzündən komanda öz doğma şəhərindən və stadionundan uzaq düşmüşdü, maliyyə vəziyyəti çətin idi, üstəlik bir sıra əsas futbolçular başqa komandalara keçmişdi.

"Belə bir şəraitdə qarşımızda duran ilk vəzifə böyük nəticələr barədə danışmaq deyil, ilk növbədə "Qarabağ"ı ayaqda saxlamaq və onun gələcəyini təmin etmək idi"

İllər boyu atılan addımlar

Tahir Gözəl vurğulayıb ki, bugünkü "Qarabağ" nə bir mövsümün, nə də bir böyük transferin nəticəsidir. Klubun mövcud səviyyəyə çatması uzun illər ərzində qəbul edilmiş saysız-hesabsız qərarların, buraxılan səhvlərdən çıxarılan nəticələrin və atılan yeni addımların bəhrəsidir.

"Biz hazır sistemə daxil olmamışıq, həmin sistemi özümüz qurmuşuq. Ona görə bugünkü "Qarabağ"ı yalnız son matçın hesabı, turnir cədvəlindəki mövqeyi və ya qazandığı bir kubok üzərindən qiymətləndirməyin doğru olmadığını düşünürəm"

Klubun formalaşan kimliyi

Klub rəhbəri qeyd edib ki, "Qarabağ"ın ən böyük nailiyyəti təkcə çempionluqlar, ölkə kuboklarında qələbələr və ya Avropada qazanılmış tarixi uğurlarla ölçülmür. Onun fikrincə, əsl nailiyyət klubun bu illər ərzində öz kimliyini formalaşdıra bilməsidir.

"Qarabağ"ın artıq öz futbol fəlsəfəsi, idarəetmə mədəniyyəti, transfer yanaşması, iş prinsipləri və dəyərləri var. Bunlar bir neçə ilə yaranmır. Bunun arxasında uzun illərin zəhməti, səbir, qarşılıqlı etimad və ən çətin vaxtlarda belə seçdiyimiz yoldan dönməmək dayanır", – deyə o söyləyib.