Son xəbər: Tramp Zelenskini Moskvaya səfərə çağırıb
Prezident İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.
Dövlət başçısı İlham Əliyev sentyabrın 25-də “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Konnor Teski ilə görüşüb. Görüş zamanı tərəflər arasında əvvəlki əlaqələr xatırlanaraq, bu ilin yanvar ayında Davosda keçirilmiş görüş məmnunluqla qeyd olunub.
Söhbət əsnasında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlıq niyyət protokolunun əhəmiyyətindən bəhs edilib.
“Brookfield” dünya üzrə institusional və fərdi investorlarla birgə fəaliyyət göstərən qlobal investisiya şirkətidir və uzunmüddətli sahiblik prinsipi ilə çalışır. Şirkətin tarixi 1899-cu ildə Braziliyanın San-Paulu şəhərində yaradılmış özəl kommunal müəssisəyə gedib çıxır və bu gün 125 ildən artıq təcrübəyə malikdir.
Şirkət “sahib-operator” modelini tətbiq edərək uzunmüddətli kapitalı praktiki idarəetmə təcrübəsi ilə birləşdirir, bununla da aktivlərin və bizneslərin dəyərini artırır. Hazırda idarə etdiyi aktivlərin ümumi həcmi 1 trilyon ABŞ dollarından çoxdur, şirkət 50-dən artıq ölkədə fəaliyyət göstərir və 2 000-dən çox qlobal investisiya layihəsi həyata keçirib.
Şirkətin əsas fəaliyyət sahələri infrastruktur, enerji, daşınmaz əmlak, özəl kapital və kreditləşmədir. “Brookfield” dünyanın ən iri infrastruktur investorlarından biri hesab olunur, eyni zamanda ən böyük təmiz enerji portfellərindən birinin sahibi, operatoru və inkişaf etdiricisidir.
Şirkətin kommunal infrastruktur bizneslərindən dünyada 10 milyondan çox istehlakçı yararlanır. “Brookfield” həmçinin suveren fondlar, pensiya fondları, sığorta şirkətləri, endaument fondları və ailə ofisləri ilə tərəfdaşlıq əlaqələri qurur.
Şirkətin qiymətləndirməsinə əsasən, ümumi daxili məhsulu 2 trilyon ABŞ dolları olan Körfəz Əməkdaşlıq Şurası dünyanın ən iri iqtisadiyyatlarından biri sayılır. Rəqəmsallaşma, dekarbonizasiya və qloballaşmanın yeni formalar alması kimi qlobal meyillər bu regionda maliyyə infrastrukturu, biznes və istehlak xidmətləri, sənaye və səhiyyə sahələrində əlavə imkanlar yaradır.
Qeyd edək ki, “Brookfield Asset Management” 2025-ci ildə PEI Group tərəfindən bir sıra mükafatlara layiq görülüb, o cümlədən “İlin firması: Qlobal”, “İlin fond meneceri: Qlobal” və “İlin enerji keçidi investoru: Qlobal” nominasiyalarında qalib olub.