Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Naxçıvan Muxtar Respublikasında bir sıra şəhər və rayonların sakinlərini qəbul edib.
Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarənin inzibati binasında vətəndaş qəbulu keçirib. Qəbula Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur şəhər və rayonlarında qeydiyyatda olan sakinlər gəlib.
Qəbula başlamazdan öncə Mürsəl İbrahimov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə gül dəstəsi qoyulub və Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı ümumilikdə 40 nəfərin müraciəti qəbul edilib. Onların arasında 2 şəhid ailəsi və 7 müharibə iştirakçısı da olub.
Vətəndaşların əksəriyyəti həqiqi hərbi xidmətə və ya Dövlət Xidmətində işə qəbul, habelə veteranlıq statusu ilə bağlı məsələləri qaldırıb. Mürsəl İbrahimov hər bir müraciəti şəxsən dinləyib.
Xidmət rəisi qaldırılan hər bir məsələnin ətraflı araşdırılmasını və qanunvericiliyə uyğun olaraq qısa zaman kəsiyində nəticələndirilməsini tapşırıb. Bir sıra müraciətlər elə qəbul zamanı öz həllini tapıb.
Digər məsələlər isə əlavə araşdırma aparılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin yetkisinə daxil olmayan müraciətlər isə müvafiq dövlət qurumlarına ötürülüb.