Son xəbər: Deniz Baysal və Barış Yurtçu boşandı
Bakıda keçirilən “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu”nun panel sessiyasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə son illərdə əldə olunan nəticələr barədə məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu”nun ikinci gününə qədər davam edən panel sessiyalarında dövlət qurumlarının rəhbərləri, beynəlxalq ekspertlər, şirkət nümayəndələri, fermerlər və sahibkarlar kənd təsərrüfatının inkişafı, tətbiq olunan innovativ həllər, aqrobiznes və qida sənayesinə yönəlik investisiya imkanları, habelə dövlət-özəl tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparıblar.
Forumun ilk günündə “Aqrobiznesdə innovasiya və texnoloji inkişaf” mövzusuna həsr olunmuş panel sessiyada çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, son dövrdə ölkədə kənd təsərrüfatının müasirləşdirilməsi, fermerlərin texnologiyalara çıxışının artırılması və dəyər zəncirinin gücləndirilməsi istiqamətində ciddi işlər görülüb. Onun sözlərinə görə, son 10 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8%, balıqçılıq məhsullarının həcmi isə 2,7 dəfə artıb.
Nazir qeyd edib ki, Azərbaycan bir sıra yüksək dəyərli məhsullar üzrə özünü təmin edə bilir və eyni zamanda beynəlxalq bazarlarda mövqeyini gücləndirib. Hazırda ölkə fındıq, xurma, şaftalı, nektarin, çiyələk, albalı, pomidor və pambıq mahlıcı kimi məhsulların dünyanın aparıcı istehsalçı və ixracatçıları sırasındadır.
Məcnun Məmmədov vurğulayıb ki, müasir kənd təsərrüfatı artıq texnologiya, elm, informasiya, maliyyə və effektiv idarəetmənin bir araya gəldiyi, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayan sahəyə çevrilib. Eyni zamanda o bildirib ki, iqlim dəyişikliyi, təbii ehtiyatlara olan təzyiqin artması, təchizat zəncirlərindəki dəyişikliklər və əhalinin çoxalması aqrar sektorda yeni yanaşmaların tətbiqini zəruri edir.
Nazirin sözlərinə əsasən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Bu sənədlə ölkədə aqrar siyasətin növbəti mərhələsi müəyyənləşdirilib. Proqramın əsas hədəflərindən biri rəqabət qabiliyyətinin yüksəldilməsi və intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsidir, əsas məqsəd isə resurslardan daha səmərəli istifadə yolu ilə davamlı, yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı sisteminin qurulmasıdır.
“AnewZ” telekanalının aparıcısı Katio Vilsonun moderatorluğu ilə keçirilən sessiyada Bolonya Universitetinin Kənd təsərrüfatı və qida elmləri departamentinin professoru Matteo Vittuari, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, “Azersun Holding”in Müşahidə Şurasının sədri Tahir Gözel və “Agro Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov da çıxış ediblər.
İştirakçılar aşağıdakı mövzular ətrafında fikirlərini bölüşüblər:
Kənd Təsərrüfatı Nazirliyi forumda ayrıca stendlə təmsil olunur. Stenddə aqrar sektorun investisiya potensialı, innovativ layihələr, müasir aqrotexnologiyalar və sahədə tətbiq edilən rəqəmsal həllər nümayiş etdirilib. Nazirliyin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə fəaliyyət göstərən startapların layihələri də təqdim olunub.
Təqdim edilən həllər süni intellekt və robot texnologiyalarının kənd təsərrüfatında tətbiqini, dəqiq kənd təsərrüfatını, torpaq və bitki monitorinqini, su və digər resursların səmərəli istifadəsini, heyvandarlıqda müasir texnologiyaların tətbiqini, rəqəmsal idarəetməni və aqrar sahədə məlumatların təhlilini əhatə edib. Bundan əlavə, stenddə aqrar sahədə planlaşdırılan perspektiv investisiya layihələri barədə də məlumat verilib.
Xarici və yerli investorların diqqətinə aqrar istehsal, emal, bağçılıq, heyvandarlıq və digər sahələr üzrə əməkdaşlıq imkanları çatdırılıb.